Cəbhələrdə vəziyyət əsasən sabitləşib. Erməni birləşmələrinin hücumları dəf edilib. Yalnız bir istiqamətdə, Laçın rayonunun şimal hissəsində, ermənilərin müəyyən nailiyyətləri olub. Hazırda cəbhə boyu mövqe döyüşləri gedir.
QUBADLI: 22.11.1992 gündüz Güləbirddən şimalda yerləşən Türklər istiqamətində bir yüksəklik qoşunlarımız tərəfdən ələ keçirilib. Döyüş zamanı ermənilərin gözətçi məntəqəsi dağıdılıb, 50 əsgəri məhv edilib və DŞK tipli iriçaplı pulemyot qənimət götürülüb.
ZƏNGİLAN: 22.11.1992 saat 20:00-dan başlayaraq Qafan istiqamətindən Yuxarı və Orta Yeməzli, Ağkənd, Seyidlər kəndləri atəşə tutulub. Ağkənddə 1 əsgərimiz yaralanıb.
CƏBRAYIL: 22.11.1992 saat 16:00-da Sur və Dolanlar postlarımız yüngül silahlardan atəşə tutulub. Dolanlarda 1 əsgərimiz yaralanıb.
GƏNCƏ: 22.11.1992 saat 15:14-də Qoşqar-Kəpəz dağları üzərində uçan ermənilərin 2 vertolyotundan biri vurulub yerə salınıb, digəri isə havada zədə alaraq özünü Ermənistan ərazisinə çatdırıb. Çox güman ki, vurulan vetolyotlar Tonaşen meşələrinə (Tərtər rayonu) təxribat məqsədləri ilə gedənlərdən idilər.