Azərbaycan Silahlı Qüvvələrinin son uğurlu əməliyyatlarından sonra düşmən bütün qüvvələrini səfərbər edərək, itirdiyi məntəqələri qaytarmaq üçün bir neçə istiqamətdə hücum etməyə cəhd göstərmişdir. Döyüşçülərimiz düşmənin hücumlarını dəf edərək, onu yeni bir məğlubiyyətə uğradıblar. Qarabağın şimalında Sırxavənd və Kiçan ətrafındakı döyüşlərdə erməni ekspedisiya korpusunun bir neçə hissəsi darmadağın edilib. Hazırda igid əsgərlərimiz tutduqları mövqelərdə möhkəmlənərək, Vəngli və Araçadzor kəndlərinə doğru irəliləyirlər.
Dünən, noyabrin 21-də erməni birləşmələrinin Füzuli istiqamətində də hücumları boşa çıxıb. Topçularımız sərrast atəşlə ermənilərin bir tankını məhv edib, düşməni geriyə atıblar. Bu gün isə saat 11 radələrindən başlayaraq Ağdam şəhəri və onun ətrafındakı kəndlər müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Laçın rayonunun şimal hissəsində vəziyyət gərgin olaraq qalır. Burada əsas döyüşlər Sarıbaba dağı uğrunda gedir. Şimalda vuruşan cəbhədaşlarına kömək məqsədilə döyüşçülərimiz Laçın rayonunun cənubunda döyüş əməliyyatı apararaq, Güləbird kəndindən şimalda yerləşən bir yüksəkliyi ələ keçiriblər. Döyüş zamanı düşmənin möhkəmləndirilmiş gözətçi məntəqəsi tamamilə dağıdılıb. Ermənilər döyüş meydanında 50-dək əsgərini və yararlı halda olan 1 iriçaplı pulemyotunu qoyub qaçıblar.
Qarabağda sıxışdırılan silahlı birləşmələrinə kömək etmək istəyən düşmən bütün imkanlardan istifadə etməyə çalışır. Bu gün Ermənistan ərazisindən qalxan 2 hərbi vertolyot dövlət sərhədimizi pozaraq, Respublikamızın daxilinə doğru irəliləməyə cəhd göstərib. Hava hücumundan müdafiə qüvvələrimiz yüksək sayıqlıq nümayiş etdirərək, Qoşqar dağı üzərindən uçan vertolyotlardan birini vurub yerə salıblar. İkinci vertolyot geri dönməyə məcbur olub.