Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qarabağda döyüş üstünlüklərini əvvəlki kimi öz tərəfində saxlayır.
Bu gün səhər saat 9:45-də Ermənistan ekspedisiya korpusunun hissələri Üryandağ və Peykəndağ səmtindən Füzuli bölgəsindəki mövqelərimizə hücuma keçiblər. Hücum zamanı düşmən 12 tankdan istifadə etmişdir. Ermənilərin bu əməliyyatda texnika cəhətdən üstünlüyünə baxmayaraq əsgərlərimiz yüksək döyüş hazırlığı göstərərək hücumun qarşısını alıblar. Düşmən texnika itkisi verərək geri qaçmağa məcbur olmuşdur.
Fitnəkar erməni silahlıları döyüşçülərimizin diqqətini əsas cəbhədən yayındırmaq məqsədi ilə Laçın bölgəsinin şimalında vəziyyəti gərginləşdirməyə can atırlar. Mövqelər uğrunda qanlı döyüşlər gedir. Fədakar əsgərlərimiz düşmənin hücumlarını mərdliklə dəf edirlər.
Ermənistan ekspedisiya korpusunun bölmələri bütün gücünü toplayaraq Qarabağın şimalında Sırxavənd istiqamətində itirdikləri strateji mövqeləri geri qaytarmaq üçün əks-hücuma keçməyə cəhd göstərirlər. Bu istiqamətdə də düşmənin əks-hücum cəhdləri puça çıxmışdır. Cəsur döyüşçülərimiz öz mövqelərində möhkəm dayanaraq, uğurlu döyüş əməliyyatlarını davam etdirirlər.
Döyüşlər davam edir.
Noyabrın 21-nə keçən gecə Ağdam bölgəsindəki mövqelərimiz Əsgəran və Xocavənd istiqamətindən atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub. Bu gün saat 16-da Ermənistan ərazisindən Zəngilan rayonunun Qazançı, Günqışlaq, Seyidlər və Ağkənd kəndləri, Naxçıvan MR-nın Sədərək qəsəbəsi avtomat və pulemyotlardan atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.
“Ostankino” televiziyasının “Novosti” proqramı erməni mənbələrinə istinad edərək belə bir məlumat yaymışdır ki, guya ermənilər Qarabağ səmasında Azərbaycan Hərbi Hava  Qüvvələrinə məxsus daha 2 təyyarəni vurublar.
Bu tamamilə yalandır. Son iki həftə ərzində bizim heç bir təyyarəmiz vurulmayıb. Belə bir məlumatı yaymaq görünür köhnə təxribatçılıq adətlərindən ayrıla bilməyən Moskva ermənipərəst informasiyaçılarına sərf edir. Xatırladırıq ki, yalan məlumatlar yaymaqla “Ostankino” televiziyası özünü nüfuzdan salır, azərbaycanlı tamaşaçılar qarşısında etibarını itirir.