Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qarabağda döyüş əməliyyatlarını müvəffəqiyyətlə davam etdirirlər. Bu gün Çıldıran ətrafında döyüşçülərimiz düşmənə sarsıdıcı zərbələr endiriblər.
Qarabağda uğursuzluğa düçar olan Ermənistan SQ-nin bölmələri Zəngilan bölgəsini atəşə tutublar. Dünən axşamdan başlayaraq rayonun Qazançı, Günqışlaq, Ağkənd və Seyidlər kəndləri gecə yarısınadək müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Qazançı kəndində 1 nəfər yaralanıb. Bu gün rayonun Günqışlaq kəndi yenidən atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.
Dünən noyabrın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri Rəhim bəy Qazıyev Danimarkanın və Hollandiyanın Azərbaycandakı səfirlərini onların xahişi ilə qəbul etmişdir. Söhbətlər zamanı  Azərbaycan və Ermənistan arasındakı münaqişə müzakirə olunub. Respublikamızın Müdafiə naziri bu münaqişənin siyasi vasitələrlə həll olunmasına tərəfdar olduğunu bildirmişdir. O, ATƏM-ə daxil olan neytral ölkələrin bu münaqişənin aradan qaldırılmasında rolunu yüksək qiymətləndirmişdir. Müdafiə naziri qeyd etmişdir ki, ATƏM-in özü bu münaqişədə kimin təcavüzkar olduğunu özü aydınlaşdırmalıdır.
Azərbaycan və Ermənistan Respublikalarının Qazax, Ağstafa, Tovuz rayonları boyunca uzanan dövlət sərhədində hər iki tərəfin atəşi dayandırılması haqqında danışıqlar gedir.
Danışıqlara başlanandan bəri razılığın bir neçə mərhələsi həyata keçirilib. Birinci mərhələdə tərəflərin sərhəd xəttində dayanan hərbi hissə komandirlərinin görüşü olub. Azərbaycan və Ermənistan hərbçiləri razılığa gəliblər ki, bölgədə ağır silahlardan istifadə olunmasına son qoyulsun. İkinci mərhələdə isə batalyon və rota komandirlərinin görüşü keçirilib. Tərəflər görüşdə avtomat silahlardan da atəşlərin tamamilə dayandırılması razılığına nail olublar. Sərhəddəki nəzarət məntəqələri arasında naqil və radio rabitəsi yaradılıb. Danışıqların üçüncü mərhələsində tərəflərin dövlət sərhədində birgə nəzarət postları yaratması planlaşdırılmışdır. Hazırda belə məntəqələrin, artıq 4-ü fəaliyyət göstərir.
Dördüncü və ən əsas mərhələ sərhədin hər iki tərəfində yerləşən yaşayış məskənlərinə yerli əhalinin geri qayıtması, torpaq sahələrinin əkilib becərilməsi, döyüş texnikasının və bütün silahlıların tutduqları mövqelərdən geri çəkilməsi ilə başa çatdırılmalı idi.
Keçirilən görüşlərin nəticəsində noyabrın 5-dən etibarən sərhəddə hər iki tərəf arasında atəşlər tamamilə kəsilmişdir.
Ancaq noyabrın 15-də baş vermiş hadisə axırıncı mərhələnin həyata keçməsinə mane oldu. Həmin gün atəşlərin ara verməsinə maneçilik törətmək istəyən təxribatçı qüvvələr danışıqların nəticəsini heçə endirməyə çalışıblar. Təxribatçılar Ermənistanın Lalvar kəndi yaxınlığında silahlı toqquşma törətmişlər. Nəticədə Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Baytarapçı və Ermənistanın Lalvar kəndləri arasında münaqişə təhlükəsi yaranıb.
Hadisənin belə şəkil almasından narahat olan Azərbaycan SQ-nin Qazax bölgəsindəki komandanlığı Gürcüstanın Respublikasının ərazisində yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək məqsədi ilə qonşu respublikanın Müdafiə naziri T.Kitovani və hərbi məsələlər üzrə müşavir general-leytenant Şeraşenidze ilə telefon əlaqəsi saxlamışdır. Gürcüstanın tərəfi öz vətəndaşlarının təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
Hazırda bölgədəki vəziyyəti sabitləşdirməkdən ötrü tədbirlər görülür.