Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Erməni ekspedisiya korpusunun Qarabağın şimalındakı hücum cəhdləri burada yerləşən milli ordumuzun və daxili qoşun hissələrinin birgə səyləri nəticəsində boşa çıxarılmışdır. Bu istiqamətdə müvəffəqiyyətə nail olmayan düşmən Qarabağın cənubunda vəziyyəti gərginləşdirməyə can atır. Dünən axşam Füzuli rayonunun mərkəzi və Dövlətyarlı kəndi toplardan atəşə tutulub. Ötən gecə ermənilər Divanallar istiqamətində hücuma keçərək bir qədər irəliləməyə müvəffəq olmuşdular. Əks-hücuma keçən döyüşçülərimiz düşmənin əsas qüvvələrini darmadağın edərək əvvəlki mövqelərimizi geri qaytarmışlar. Ermənilərin Beyləqan istiqamətində də hücum cəhdi baş tutmayıb.
Düşmən ötən gecə Şişqaya istiqamətindən Cəbrayıl rayonunun Quşçular kəndini avtomatlardan və pulemyotlardan atəşə tutub.
Ermənistanla sərhəd bölgələrindən olan Zəngilan rayonunda vəziyyət gərgin olaraq qalır. Ötən gecə rayonun Seyidlər, Kolluqışlaq, Qazançı, Günqışlaq, Sarılıhəştab və Vejnəli kəndləri Ermənistanın Mehri rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Bu gün Laçının cənubunda yerləşən Güləbird kəndi Ermənistanın Qafan rayonu Kornidzor və Xındzoreks kəndləri istiqamətindən minaatanlardan atəşə tutulub.
Neçə gündən bəri Tovuz rayonu ərazisində hökm sürən sakitlik ötən gecə pozulmuşdur. Düşmən rayonun Hacıalı və Muncuqlu kəndlərini Ermənistanın Şəmşəddin rayonu istiqamətindən atəşə tutub.