Azərbaycan Müdafiə Nazirliyi və Daxili Qoşunlarının erməni ekspedisiya korpusu hissələri ilə döyüşləri həm Qarabağ ərazisində, həm də dövlət sərhədimizin cənub sahəsində xeyli şiddətlənib. Əsas döyüşlər Qarabağın şimalında gedir. Dünən, noyabrın 15-dən başlayaraq erməni birləşmələri Çıldıran kəndi istiqamətində vəziyyəti gərginləşdirməyə can atıblar. Düşmənin bu yeni hücum cəhdlərini dəf etmək məqsədilə Silahlı Qüvvələrimizin bölgədə yerləşən bölmələri bütün imkanlarını səfərbər ediblər. Nəticədə erməni qüvvələri Çıldırandan xeyli geriyə atılıb. Döyüşçülərimiz tərəfindən düşmənin 1 tankı qənimət kimi ələ keçirilib, 1 tankı, 1 PDM-i və onlarca əsgəri məhv edilib. Müxtəlif qoşun növlərinin iştirakı ilə gedən gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edir.
Digər bölgələrdəki hərbi fəaliyyət əsasən top atışması xüsusiyyəti daşıyır. Dünən erməni artilleriyası bütün gün ərzində qısa fasilələrlə Füzuli şəhərini atəşə tutub. Düşməni susdurmaq üçün döyüşçülərimiz ermənilərin atəş mövqelərini topa tutublar. Nəticədə Qırmızıbazar və Düdükçü kəndləri istiqamətlərində düşmənin 2 artilleriya qurğusu məhv edilib.
Noyabrın 15-i və bu gün ərzində Ermənistan ərazisindən Laçın rayonunun Hocaz kəndi, Zəngilanın Qazançı, Seyidlər, Ağkənd və Şükürataz məntəqələri və Naxçıvan MR-nın Sədərək qəsəbəsi toplardan və “Qrad” quğularından atəşə tutulub. Dərhal açılan cavab atəşilə düşmən susdurulub.