Vəziyyət gərgindir. Son 5 gündə erməni birləşmələri strateji təşəbbüsü özlərində saxlayaraq hər tərəfdə mövqelərimizə hücum edirlər və müəyyən nəticələr əldə edirlər.
TƏRTƏR: 15.11.1992 saat 12-dən başlayaraq ermənilər Çıldıran kəndinə hücuma keçiblər. Hücum iki istiqamət üzrə aparılıb və saat 16-da kənd ermənilər tərəfindən alınıb. Döyüşlər zamanı 2 nəfər həlak olub və 7 nəfər yaralanıb. Vəziyyəti bərpa etmək üçün tədbirlər görülüb. 16.11.1992 qoşunlarımız əks-hücuma keçərək saat 16 radələrində Çıldıranı düşmənlərdən tamamilə təmizləyiblər. Ermənilərin 1 tankı qənimət kimi ələ keçirilib.
AĞDAM: Artilleriyamız sağ cinahda Sırxavənd – Çıldıran istiqamətində işləyir. Şimal qonşularımıza kömək məqsədilə ehtiyat qüvvələri hazır vəziyyətdədir.
QUBADLI: 12-13.11.1992 ərzində hissələrimiz ermənilərin Aşağı Fərəcan istiqamətindən cənuba hücum cəhdinin qarşısını Deştahat xarabalığı ətrafında alıblar. Döyüşlərdə bizdən 1 nəfər həlak olub və 1 nəfər yaralanıb.
13.11.1992 saat 19:30-da Ermənistan ərazisindən Əyin kəndinə top atəşi açılıb. 14.11.1992 saat 16-17 arasında Güləbirdi minomyotlardan atəşə tutublar. Bizdən 2 nəfər yaralanıb. Cavab atəşi toplardan açılıb. Saat 22-24 arasında ermənilər Güləbird və Hat kəndlərimizdəki mövqeləri minaatan və pulemyotlardan atəşə tutublar. Düşmən susdurulub.
16.11.1992 saat 16-16:30 arasında Kornidzor istiqamətindən (Ermənistan ərazisindən) Güləbird atəşə tutulub.
FÜZULİ: 14.11.1992 Füzuli şəhərinin və ətraf kəndlərin topa tutulması zamanı 3 nəfər yaralanıb. Saat 12-d artilleriyamızın zərbələrilə düşmən atəşi susdurulub. Saat 20-də Axullu-Edilli istiqamətindən erməni piyada dəstələri Cuvarlı postlarımıza hücum ediblər. Artilleriyamızın atəşilə düşmən geri oturdulub.
15.11.1992 saat 15-16 arasında Üryandağ, Peykandağ yüksəkliklərindən mövqelərimiz yüngül silahlardan atəşə tutulub. Eyni cavab atəşi açılıb. Edilli - Düdükçü istiqamətlərindən şəhərə top və “Qrad” atəşi açılıb. Saat 19-da erməni atəş nöqtələri susdurulub. Bu əsnada düşmənin Qırmızıbazar səmtində 1 topu və Düdükçü kəndi tərəfdə 1 “Qrad” qurğusu sıradan çıxarılıb.
ZƏNGİLAN: 15.11.1992 saat 19:30 - 16.11.1992 saat 3 arasında Qafan istiqamətindən Ağkənd, Qazançı, Seyidlər kəndləri və Şükürataz yüksəkliyi topa və gülləborana tutulub. Seyidlər kəndində 1 əsgərimiz yaralanıb.
KƏLBƏCƏR: 15.11.1992 saat 20-21 arasında Ermənistan ərazisindən Laçın rayonunun Hocaz kəndi toplardan atəşə tutulub. Cavab atəşi açılıb.