Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Ordusunun erməni ekspedisiya korpusu hissələri ilə döyüşləri həm Qarabağ ərazisində, həm də dövlət sərhədimizin cənub sahəsində xeyli şiddətlənib. Əsas döyüşlər Qarabağın şimalında gedir. Erməni birləşmələrinin yeni hücum cəhdlərini dəf etmək məqsədilə Silahlı Qüvvələrimizin bölgədə yerləşən bölmələri bütün inkanlarını səfərbər ediblər. Müxtəlif qoşun növlərinin iştirakı ilə gedən bu gərgin döyüşlər davam edir.
Digər bölgələrdəki hərbi fəaliyyət əsasən top atışması xüsusiyyəti daşıyır. Dünən erməni artilleriyası bütün gün ərzində qısa fasilələrlə Füzuli şəhərini atəşə tutub. Düşmən atəşlərinə son qoymaq üçün döyüşçülərimiz ermənilərin atəş mövqelərini topa tutublar. Nəticədə Qırmızı Bazar və  Düdükçü kəndləri istiqamətlərində düşmənin 2 artilleriya qurğusu məhv edilib.
Dünən axşam və ötən gecə Ermənistan ərazisindən Laçın rayonunun Hocaz kəndi və Zəngilanın Qazançı, Seyidlər, Ağkənd və Şükürataz məntəqələri toplardan və “Qrad” qurğularından güclü atəşə tutulub. Dərhal açılan cavab atəşilə düşmən susdurulub.