Dünən axşam və ötən gecə münaqişə bölgələrindəki əməliyyat şəraitində mühüm dəyişiklik olmayıb. Noyabrın 14-də saat 22-24 radələrində Qubadlı istiqamətində yerləşən mövqelərimiz düşmən tərəfindən minomyot və pulemyot atəşinə məruz qalıb. İgid döyüşçülərimiz əks-hücuma keçərək düşmənin atəş nöqtələrini darmadağın ediblər.
Azərbaycan Milli Ordusunun Laçın bölmələri son bir neçə gündə düşmənin Laçın yolu ilə hərəkət edən maşın karvanlarının qarşısını almağa çalışırlar. Ötən gecə döyüşçülərimiz ermənilərin 30 maşından ibarət karvanını atəşə tutaraq düşmənin bir neçə maşınını məhv etmişlər.
Dünən axşam erməni piyada dəstələri Axullu və Edilli yaşayış məntəqələri istiqamətindən Füzuli istiqamətində yerləşən mövqelərimizə həmlələr etmək istəyiblər. Topçularımızın sərrast atəşi düşmənin bu hücumunun qarşısını almışdır. Ermənilər xeyli itki verərək geri çəkiliblər.
Qarabağın şimalında Azərbaycan Milli Ordusu və Daxili Qoşun hissələri Vəngli və Sırxavənd istiqamətində döyüş əməliyyatlarını davam etdirirlər. Ən böyük təhlükəni bu tərəfdən hiss edən düşmən ciddi müqavimət göstərirlər.