Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlərdə müxtəlif istiqamətlərdə xeyli qüvvə toplayan erməni ekspedisiya korpusunun hissələri vəziyyəti gərginləşdirməklə strateji üstünlüyü Azərbaycan Ordusundan almağa can atırdılar. Əsas döyüşlər keçmiş Ağdərə rayonunun azad edilmiş Vaquas, Koçoqot, Çıldıran və ermənilərin nəzarəti altında hələ də qalan Vəngli, Araçadzor, Sırxavənd kəndlərini əhatə edən döyüş meydanında gedirdi. Bu ərazidəki dağlar və meşəliklər iri hücum əməliyyatlarına byük maneələr törədir. Qoşunlar əsasən yuxarıda göstərilən kəndlərin arasında yerləşən yüksəkliklər uğrunda vuruşurlar. Son iki gündə erməni həmlələrinə mərdliklə sinə gərən döyüşçülərimiz əks-hücuma keçərək dünən, noyabrın 13-ü axşam, Vəngli və Sırxavənd kəndləri ətrafında bir neçə hakim yüksəklikləri düşmənlərdən təmizləyiblər. Bu döyüşlərdə ermənilərin 2 tankı, 3 PDM-i və xeyli canlı qüvvəsi məhv edilib. Hazırda Vəngli və Araçadzor istiqamətlərində döyüşlər davam edir.
Laçın rayonunun şimal istiqamətində də fəallaşan düşmən qüvvələri Laçın qoşun hissələrimizin zərbələrinə məruz qalaraq, geri çəkilməyə məcbur olublar. Hazırda burada cəbhə xətti Laçın rayonunun Fingə və Şuşa rayonunun Turabxan kəndləri arasında keçir. Ötən gecə Laçın rayonunun cənubunda yerləşən Güləbird kəndi müxtəlif silahlardan arabir atəşə tutulub.
Ağdam istiqamətində yerləşən mövqelərimiz dünən Naxçıvanik səmtindən minaatanlardan, bu gün isə Xanabad  istiqamətindən toplardan atəşə tutulub. Ötən gecə Füzuli istiqamətindəki müdafiə mövqelərimiz tank və top atəşinə məruz qalıb. Bu gün səhərdən başlayaraq Füzuli şəhəri, Qacar və Dövlətyarlı kəndləri qısa fasilələrlə top atəşinə tutulur.