Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 1992 15:00

Müdafiə Nazirliyinin məlumatı

Vəziyyət gərgin olaraq qalır. Müxtəlif istiqamətlərdə qarşılıqlı döyüşlər gedir.
TƏRTƏR: Əsas döyüşlər tutduğumuz Vaquas, Koçoqot, Çıldıran və ermənilərin nəzarət etdiyi Vəngli, Araçadzor, Sırxavənd arasındakı hərb meydanında gedir. Bu ərazidəki sıx meşələr və Ahi-Ahpur dağ silsiləsi iri hücum əməliyyatlarına böyük maneələr törədir. Qoşunlar əsasən yuxarıda göstərilən kəndlərin vəsətində yerləşən yüksəkliklər uğrunda vuruşurlar. Son iki gündə erməni həmlələrini dəf edərək, 13.11.1992 axşam qoşunlarımız əks-hücuma keçib və saat 22-ə qədər Vəngli və Sırxavənd kəndləri ətrafında 2 hakim yüksəkliyi ələ keçiriblər. Vəngli ətrafında 1743,4 yüksəkliyi (kənddən 3 km aralı) tutulub. Ermənilər burada 1 tank, 2 PDM və təqribən 30 əsgər itiriblər. Sırxavənddən 1 km aralı 1020,9 yüksəkliyi də alınıb; döyüşdə düşmənin 1 tankı və 1 PDM-i məhv edilib.
14.11.1992 gün ərzində Vəngli və Araçadzor istiqamətlərində döyüşlər davam edib.
KƏLBƏCƏR: 13.11.1992 ermənilərin Şuşa rayonu Turabxan kəndi istiqamətindən Laçın rayonu Fingə kəndi tərəfə hücum cəhdi dəf edilib. Əsgərlərimizdən 1 nəfər yaralanıb.
AĞDAM: 13.11.1992 saat 18 radələrində aviasiyamız səhvən öz mövqelərimizi vurub. 1 əsgərimiz qolundan yaralanıb.
13.11.1992 axşam Naxçıvanik səmtindən Şelli və Qasımlı kəndlərindəki mövqelərimiz minaatanlardan atəşə tutulub. 14.11.1992 saat 1 radələrində Xanabad istiqamətindən Xramortda yerləşən qoşunlarımızın mövqeləri zenit artilleriyası atəşinə tutulub.
QUBADLI: 14.11.1992 gecə Güləbird kəndi arabir yüngül silahlardan atəşə tutulub. Hazırda kəndə tamamilə bizim  qoşunlarımız nəzarət edirlər. Kənddən yuxarıda şimala və şimal-qərbə  tərəf bir neçə kilometr məsafədə ermənilərin mövqeləri yerləşir.
FÜZULİ: 14.11.1992 gecə müdafiə mövqelərimiz tank və toplardan atəşə tutulub. Səhərdən başlayaraq Tuğ, Qırmızıbazar və Sos istiqamətlərindən Füzuli şəhəri, Qacar və Dövlətyarlı kəndləri qısa fasilələrlə topa tutulur.