Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlərdə müxtəlif istiqamətlərdə xeyli qüvvə toplayan erməni ekspedisiya korpusunun hissələri vəziyyəti gərginləşdirməklə strateji üstünlüyü Azərbaycan Ordusundan almağa can atırdılar. Əsas döyüşlər keçmiş Ağdərə rayonunun azad edilmiş Vaquas, Koçoqot, Çıldıran və ermənilərin nəzarəti altında hələ də qalan Vəngli, Araçadzor, Sırxavənd kəndlərini əhatə edən hərb meydanında gedirdi. Bu ərazidəki dağlar və meşəliklər iri hücum əməliyyatlarına böyük maneələr törədir. Qoşunlar əsasən yuxarıda göstərilən kəndlərin arasında yerləşən yüksəkliklər uğrunda vuruşurlar. Son iki gündə erməni həmlələrinə mərdliklə sinə gərən döyüşçülərimiz əks-hücuma keçərək dünən, noyabrın 13-ü axşam, Vəngli və Sırxavənd kəndləri ətrafında bir neçə hakim yüksəklikləri düşmənlərdən təmizləyiblər. Bu döyüşlərdə ermənilərin 1 tankı, 2 PDM-i və 30-a yaxın əsgəri məhv edilib.
Laçın rayonunun şimal istiqamətində də fəallaşan düşmən qüvvələri Laçın qoşun hissələrimizin zərbələrinə məruz qalaraq, geri çəkilməyə məcbur oldular. Hazırda burada cəbhə xətti Laçın rayonunun Fingə və Şuşa rayonunun Turabxan kəndləri arasında keçir.
Digər bölgələrdə noyabrın 13-nə keçən gecə nisbətən sakit keçib. Yalnız Güləbird kəndi və Füzuli istiqamətindəki mövqelərimiz müxtəlif silahlardan arabir atəşə tutulub.