Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Bir neçə gündən bəri cəbhə bölgələrində sabitləşmiş vəziyyət yenidən gərginləşib. Dünən noyabrın 11-də, axşam erməni ekspedisiya korpusunun qüvvələri Qarabağın şimalında hücum cəhdi ediblər. Rusiya televiziyası “Vesti” proqramının verdiyi xəbərə görə, guya erməni silahlı birləşmələrinə keçmiş Ağdərə rayonunun Vaquas, Arutyunoqomer və Koçoqot kəndlərini yenidən zəbt etmək müəssər olmuşdur. Bu xəbər erməni mənbələrinə istinad olduğundan həmişəki kimi yanlışdır. Bizim aldığımız məlumata görə düşmən saat 19 radələrində Koçoqot kəndində yerləşən mövqelərimizə hücum etmişdir. Lakin ermənilərin bu cəhdinin qarşısı bölgədə yerləşən Silahlı Qüvvələrimizin hissələri tərəfindən alınıb. Topçularımız sərrast atəşlə düşməni 30 nəfərə yaxın itki verməyə və geri çəkilməyə məcbur ediblər. Döyüşçülərimiz kəndi və ətrafındakı yüksəklikləri özlərində saxlamaqla bərabər erməni yaraqlılarını onların tutduqları bəzi mövqelərdən də vurub çıxarıblar.
Dünən axşam və ötən gecə Xocalı rayonunun Xramort və Zəngilanın Günqışlaq, Seyidlər, Qazançı və Yuxarı Yeməzli kəndləri erməni mövqelərindən müxtəlif növ silahlardan atəşə tutulub. Burada da düşməni susdurmaqda əsas ağırlıq topçularımızın üzərinə düşüb.
Bu gün noyabrın 12-də saat 10 radələrində erməni ekspedisiya korpusuna məxsus Mİ-24 tipli hərbi vertolyot Qacar kəndi üzərində döyüşçülərimiz tərəfindən vurulub. Vertolyot alışıb yanaraq bizimkilərin nəzarət etdikləri əraziyə düşüb. Düşmən bundan sonra Qacar kəndi yaxınlığındakı mövqelərimizi müxtəlif növ silahlardan atəşə tutub. Düşmənə cavab atəşi açılıb.