Bir neçə gündən bəri cəbhə bölgələrində sabitləşmiş vəziyyət yenidən gərginləşib. Dünən noyabrın 11-də, erməni ekspedisiya korpusunun qüvvələri Qarabağın şimalında hücum cəhdi ediblər. Rusiya televiziyası “Vesti” proqramının verdiyi xəbərə görə, guya erməni silahlı birləşmələrinə keçmiş Ağdərə rayonunun Vaquas, Arutyunoqomer və Koçoqot kəndlərini yenidən zəbt etmək müəssər olmuşdur. Bu xəbər erməni mənbələrinə istinad olduğundan həmişəki kimi yanlışdır. Bizim aldığımız məlumata görə, düşmən saat 19 radələrində Koçoqot kəndində yerləşən mövqelərimizə hücum etmişdir. Lakin ermənilərin bu cəhdinin qarşısı bölgədə yerləşən Silahlı Qüvvələrimizin hissələri tərəfindən alınıb. Topçularımız sərrast atəşlə düşməni 30 nəfərə yaxın itki verməyə və geri çəkilməyə məcbur ediblər. Döyüşçülərimiz kəndi və ətrafındakı yüksəklikləri özlərində saxlamaqla bərabər erməni yaraqlılarını onların tutduqları bəzi mövqelərdən də vurub çıxarıblar.
Dünən axşam və ötən gecə Xocalı rayonunun Xramort və Zəngilanın Günqışlaq, Seyidlər, Qazançı və Yuxarı Yeməzli kəndləri erməni mövqelərindən müxtəlif növ silahlardan atəşə tutulub. Burada da düşməni susdurmaqda əsas ağırlıq topçularımızın üzərinə düşüb.