Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Bu gün noyabrın 10-da cəbhə xəttində nəzərə çarpacaq dəyişiklik olmayıb. Ötən gecə Zəngilan rayonunun Şükürataz məntəqəsi Ermənistanın Mehri rayonu tərəfdən top və “Qrad” qurğularından atəşə tutulub. Gün ərzində isə Füzuli rayonunun Dövlətyarlı kəndi erməni mövqelərindən top atəşinə məruz qalıb.
Hərb tarixində elə hadisələr olur ki, hər hansı ordunun artilleriya və aviasiyası dağıdıcı zərbələrini düşmən üzərinə yağdırmaqla bərabər həm də təsadüfən öz mövqelərini atəşə tutur. Buna ikinci dünya müharibəsindən və hətta İraqa qarşı aparılan son körfəz müharibəsindən istənilən qədər misallar gətirmək olar. Məlumdur ki, Birləşmiş Ştatlar Ordusunun körfəz müharibəsi zamanı həlak olan döyüşçülərinin müəyyən faizi rəqib deyil, öz atəşlərinin qurbanı olmuşlar.
Xalqımızın erməni təcavüzkarlarına qarşı apardığı savaş, adı çəkilən hərblərdən onun ilə fərqlənir ki, döyüş əməliyyatları meydanı xeyli kiçik, düşmənlə bizim aramızda olan mövqelər bir-birinə çox yaxın və dediyimiz halların baş vermə ehtimalı daha yüksəkdir.
Dünən xəbər vermişdik ki, Füzuli şəhəri və rayonun Dövlətyarlı kəndi tanınma nişanı olmayan təyyarədən bombalanıb. Dəqiqləşdirilmiş məlumata görə dünən saat 17 radələrində Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsi düşmən üzərinə dörd uğurlu döyüş uçuşu keçirdikdən sonra beşinci dəfə erməni mövqelərini bombalamaq üçün hazırlıq görərək, iki bomba atıb. Təyyarədə baş vermiş texniki nasazlıq üzündən bu mərmilər Füzuli şəhərinə və rayonun Dövlətyarlı kəndinə düşüb. Nəticədə 2 qadın həlak olub və 20 nəfər yaralanıb. Dağıntılar olub. Bu hadisənin qurbanlarına Allah rəhmət eləsin deyirik. Tanrıdan diləyimiz odur ki, belə faciələr bir daha təkrar olunmasın.