Xəbər vermişdik ki, son bir neçə gündə münaqişə zonalarının əksəriyyətində nisbi sakitlik omuşdu. Lakin dünən axşam və ötən gecə erməni tərəfi bu sakitliyi pozaraq həm Qarabağdakı, həm də sərhəd bölgələrindəki yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmağa başlamışdır.
Noyabrın 5-i axşam və ötən gecə Tovuz rayonunun Hacıalı, Əlibəyli, Ağkənd və Yuxarı Öysüzlü kəndləri, Ağstafanın Köhnəqışlaq kəndi, Gədəbəyin Mutudərə, Mormor kəndləri, Zəngilanın Günqışlaq, Ağbis, Kollu, Yeməzli, Qazançı, Seyidlər və Qaragöl kəndləri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Qaragöl kəndində 1 nəfər şəhid olub, 1 nəfər isə yaralanıb.
Düşmən Qarabağ ərazisində də mövqelərimizi atəşə tutur. Ötən gecə Füzuli istiqamətində yerləşən mövqelərimiz Uryandağ istiqamətindən artilleriya atəşinə məruz qalıb. Düşməni susdurmaq üçün tədbirlər görülür. Hazırda bu istiqamətdə atışmalar davam edir.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.