Noyabrın 5-də Qarabağ ərazisində və Ermənistanla həmsərhəd bölgələrində vəziyyətdə əhəmiyyətli dəyişiklik olmamışdır.
Dünən axşam Zəngilan rayonunun Qazançı, Seyidlər kəndləri və Şükürataz yüksəkliyi Ermənistanın Mehri və Qafan rayonları istiqamətindən müxtəlif silahlardan atəşə tutulmuşdur.
Ötən gecə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi və Füzuli bölgələrində vaxtaşırı atışmalar qeyd olunub.
Bu gün saat 11-dən 12-dək Ağdam rayonunun ərazisi ermənilərin işğal etdikləri Gülablı istiqamətindən “Qrad” tipli raketlərdən atəşə tutulmuşdur. Nəticədə 1 qadın və iki uşaq yaralanmışlar. Füzuli istiqamətində mövqe döyüşləri davam etmişdir.
Qarabağın şimalında Azərbaycan Silahlı Qüvvələrinin Daxili Qoşunlarının hücum əməliyyatı keçirilir. Nəticə haqqında məlumat əməliyyat başa çatdıqdan sonra veriləcəkdir.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.
Dünən noyabrın 4-də saat 19 radələrində Gəncə şəhərində yerləşən Rusiya silahlı qüvvələrinin “N” hərbi hissəsinin heyətində atışma baş vermişdir. Nəticədə hərbi qulluqçulardan bir nəfər həlak olmuş, biri isə yaralanmışdır. Rusiya informasiya agentliklərinin yaydığı basqın haqqında məlumat yanlışdır. Hazırda baş vermiş hadisə ilə əlaqədar istintaq aparılır.