Qarabağ bölgəsində əvvəlkitək şiddətli döyüşlər gedir. Erməni ekspedisiya korpusunun hissələri verdikləri böyük sayda itkilərə baxmayaraq, qoşunlarımıza güclü müqavimət göstərirlər. Azərbaycan Ordusunun bölmələri bu müqaviməti qıraraq bütün istiqamətlərdə düşməni sıxışdırırlar. Oktyabrın 29-da Ağdam cəbhəsində ermənilərin xüsusilə möhkəmləndiyi Fərrux və Xanabad məntəqələri uğrunda gərgin döyüşlər başlanıb. Bu günədək ermənilərin 16 tankı, 10 PDM-i və onlarla əsgəri məhv edilib. Düşməni bu qədər itki verməyə vadar edən qəhrəman topçularımızdır. Hazırda Fərrux, Xanabad və həmçinin Sırxavənd istiqamətlərində döyüşlər Azərbaycan qoşunlarının üstünlüyü ilə davam edir.
Ermənilərin Füzuli istiqamətində yaşayış məntəqələrimizi və mövqelərimzi atəşə tutmaqla vəziyyəti gərginləşdirmək cəhdləri boşa çıxır. Döyüşçülərimiz düşmənə layiqli cavab verərək onları susmağa məcbur edirlər. Atışmalar əsasən Üryandağ və Peykəndağ yüksəklikləri ətrafında gedir.
Qubadlıdan aldığımız məlumatlara görə, Laçın rayonunun cənub hissəsində döyüşlər bizim nəzarətimiz altında olan Güləbird və ermənilərin işğal etdiyi Səfiyan kəndləri arasında gedir. Ötən gecə burada düşmənin canlı qüvvəsi və daha bir tankı məhv edilib.
Dünən axşam və noyabrın 2-nə keçən gecə bizim şəhər və kəndlərimizin düşmən tərəfindən atəşə tutulması ara verməyib. Ağdam və Füzuli şəhərləri, Zəngilan rayonunun Ağkənd, Seyidlər və Qazançı, Qubadlı rayonunun Muradxanlı, Tovuz rayonunun Ağdam, Əlibəyli, Əsrik, Ağbulaq və Koxanəbi kəndləri erməni mövqelərindən müxtəlif növ silahlardan atəşə tutulub. Nəticədə bir neçə ev dağılıb.
Artıq bir neçə dəfə xəbər vermişik ki, son vaxtlarda müxtəlif xarici xüsusi xidmət orqanlarının dövlətimizə qarşı təxribat xarakterli fəaliyyətləri daha da güclənib. Terrorçu qrupların Azərbaycana göndərilməsi, hərbi sursat anbarlarının partladılması, hərbi hissələrə basqınlar, avtomaşınların atəşə tutulması və sair faktlar dediklərimizi təsdiqləyir. Bununla əlaqədar hərbi polisə bütün şübhəli şəxslərin saxlanılmasından ötrü əlavə səlahiyyət verilib. Xüsusəndə bu bizə qarşı müharibə aparan üzdəniraq qonşu respublikanın vətəndaşlarına aiddir.
Oktyabrın 27-də Qazax rayonunda Tiflis-Moskva qatarında Ermənistan vətəndaşı Brutyan Samvel Fernandoviç tutulub saxlanılmışdır. Vətəndaş Brutyanın saxlanılması ilə əlaqədar Müdafiə Nazirliyinə Beynəlxalq “Krişnanı dərk etmə” dini xeyriyyə cəmiyyəti müraciət edib. Müraciətdə bildirilir ki, adı çəkilən şəxs bu cəmiyyətin Moskva təşkilatının üzvüdür və qeyd edilir ki, “Krişnanı dərk etmə” cəmiyyətinin hər bir üzvü, heç bir fiziki zorakılığı, o cümlədən hərbi fəaliyyətdə hər hansı iştirakı, öz əqidəsinə görə qəbul etmir. Krişnait təşkilatı Samvel Brutyanı azad etməyi bizdən xahiş edib. Humanizm nümayiş etdirərək və onun cinayətə meyli olmadığını nəzərə alaraq, Samvel Brutyanı dindaşlarına təhvil verməyi qərara alınıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri yalnız Respublikanın müstəqilliyinə və ərazi bütövlüyünə əli silahlı qarşı çıxanlarla, milliyyətlərindən asılı olmayaraq mübarizə aparır.