Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Qarabağ bölgəsində əvvəlkitək şiddətli döyüşlər gedir. Erməni ekspedisiya korpusunun hissələri verdikləri böyük sayda itkilərə baxmayaraq, qoşunlarımıza güclü müqavimət göstərirlər. Azərbaycan Ordusunun bölmələri bu müqaviməti qıraraq bütün istiqamətlərdə düşməni sıxışdırırlar. Oktyabrın 29-da Ağdam cəbhəsində ermənilərin xüsusilə möhkəmləndiyi Fərrux və Xanabad məntəqələri uğrunda gərgin döyüşlər başlamışdır. Bu günədək ermənilərin 16 tankı, 10 PDM-i və onlarla əsgəri məhv edilib. Düşməni bu qədər itki verməyə vadar edən qəhrəman topçularımızdır. Hazırda Fərrux, Xanabad və həmçinin Sırxavənd istiqamətlərində döyüşlər Azərbaycan qoşunlarının üstünlüyü ilə davam edir.
Ermənilərin Füzuli istiqamətində yaşayış məntəqələrimizi və mövqelərimzi atəşə tutmaqla vəziyyəti gərginləşdirmək cəhdləri boşa çıxır. Döyüşçülərimiz düşmənə layiqli cavab verərək onları susmağa məcbur edirlər. Atışmalar əsasən Üryandağ və Peykəndağ yüksəklikləri ətrafında gedir.
Qubadlıdan aldığımız məlumatlara görə, Laçın rayonunun cənub hissəsində döyüşlər bizim nəzarətimiz altında olan Güləbird və ermənilərin işğal etdiyi Səfiyan kəndləri arasında gedir. Ötən gecə burada düşmənin canlı qüvvəsi və daha bir tankı məhv edilib.
Dünən axşam və noyabrın 2-nə keçən gecə bizim şəhər və kəndlərimizin düşmən tərəfindən atəşə tutulması ara verməyib. Ağdam və Füzuli şəhərləri, Qubadlı rayonunun Muradxanlı, Tovuz rayonunun Əsrik, Ağbulaq və Koxanəbi kəndləri müxtəlif növ silahlardan atəşə tutulub. Nəticədə bir neçə ev dağılıb. Zərərçəkən olmayıb.