Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər Azərbaycanın sərhəd bölgələrindən olan Zəngilan rayonu düşmənin güclü atəşinə məruz qalır. Oktyabrın 31-i saat 18-dən başlayaraq Zəngilan rayonunun Kolluqışlaq, Ağkənd, Seyidlər və Qazançı məntəqələri Ermənistan ərazisindən toplardan və tanklardan atəşə tutulub. Bu gün rayonun Qazançı və Şayıflı kəndləri yenə də toplardan və iriçaplı pulemyotlardan atəşə məruz qalıb.
Dünən erməni silahlı birləşmələri yenidən Gorus tərəfdən Azərbaycanın dövlət sərhədini pozaraq, Laçın rayonunun cənubunda yerləşən Qızqəbri adlanan yüksəkliyə hücum ediblər. Azərbaycan Ordusunun döyüşçüləri öz mövqelərini qoruya bilib. Həmçinin ermənilərin 1 PDM-ni şəxsi heyətilə bir yerdə və içində erməni piyada alayının qərargah rəisi olan qərargah maşınını da məhv ediblər.
Ötən gecə Tovuz rayonunun Ağdam kəndi Ermənistanın Berd rayonu ərazisindən yüngül silahlardan atəşə tutulub. Bu gün isə rayonun Ağbulaq məntəqəsi erməni tərəfinin atəşinə məruz qalıb.
Bu gün səhər düşmən Füzuli istiqamətində vəziyyəti gərginləşdirmək üçün səy göstərib. Füzuli şəhəri, rayonun Ayıbasınlı kəndi və döyüşçülərimizin mövqeləri 3 saat ərzində tanklardan və toplardan güclü atəşə məruz qalıb. Cavab atəşilə düşmən susdurulub.
Dünən Rusiya televiziyasının “Vesti” proqramı belə bir xəbər verib ki, Qarabağın şimalında vurulmuş Azərbaycan hərbi təyyarəsinin pilotu həlak olub. Lakin bu həqiqətə uyğun deyil. Azərbaycan hərbi təyyarəçisi paraşütlə tullanaraq sağ qalmışdır.