Bu gün, noyabrın 1-də bizə dünən axşam olmuş döyüşlər haqda əlavə məlumat daxil olub. Oktyabrın 31-i saat 18-dən başlayaraq Zəngilan rayonunun Kolluqışlaq, Ağkənd, Seyidlər və Qazançı məntəqələri Ermənistan ərazisindən toplardan və tanklardan atəşə tutulub. Kolluqışlaq kəndinin müdafiəçilərindən 1 nəfər şəhid olub. Eyni zamanda erməni silahlı birləşmələri yenidən Gorus tərəfdən Azərbaycanın dövlət sərhədini pozaraq, Laçın rayonunun cənubunda yerləşən Qızqəbri adlanan yüksəkliyə hücum ediblər. Azərbaycan Ordusunun döyüşçüləri öz mövqelərini qoruya bilib. Həmçinin ermənilərin 1 PDM-ni şəxsi heyətilə bir yerdə və içində erməni piyada alayının qərargah rəisi olan qərargah maşınını da məhv ediblər.
Ötən gecə döyüş bölgələrində nisbi sakitlik olub. Yalnız Tovuz rayonunun Ağdam kəndi Ermənistanın Berd rayonu ərazisindən yüngül silahlardan atəşə tutulub. Zərərçəkən olmayıb.
Dünən Rusiya televiziyasının “Vesti” proqramı belə bir xəbər verib ki, Qarabağın şimalında vurulmuş Azərbaycan hərbi təyyarəsinin pilotu həlak olub. Lakin bu həqiqətə uyğun deyil. Azərbaycan hərbi təyyarəçisi paraşütlə tullanaraq sağ qalmışdır.