Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Dünən, dekabrın 29-u saat 17-də Ermənistanın İcevan və Azərbaycanın Qazax rayonlarının sərhədində yerləşən Balacəfərli kəndində bu regionda yerləşən Azərbaycan və Ermənistan Silahlı Qüvvələri bölmələrinin komandirlərinin görüşü keçirilmişdi. Görüşdə erməni tərəfi sərhəddə yenidən birgə gözətçi məntəqələrini yaratmağı təklif etmişdi. Ermənilərin bu cür yaradılmış gözətçi məntəqələrindən kəşfiyyat məqsədilə istifadə etdiyini və erməni silahlı birləşmələri tərəfindən bağlanmış sazişlərin dəfələrlə pozulduğunu bilən bizim komandanlıq buna razılıq verməyib. Rədd cavab alan düşmən elə bu gecə saat 00-dan başlayaraq Azərbaycan Respublikasının ərazisini şiddətli atəşə tutmağa başlayıb. Tovuz rayonunun Ağdam və Əlibəyli, Qazax rayonunun Fərəhli kəndi atəşə məruz qalıb. Düşmənin “Qrad” qurğularından atdığı 6 mərmi Tovuz rayonuna düşüb. Eyni zamanda Ağstafa və Gədəbəy rayonları da atəşə tutulurdu. Səhər tezdən artilleriya hazırlığından sonra erməni ordusunun hissələri hücuma keçərək Tovuz rayonunun ərazisinə daxil olmağa can atıblar. Azərbaycan Silahlı Qüvvələrinin bu bölgədəki hissələri bütün qüvvələrini səfərbər edərək əks-hücuma keçmiş və düşməni ölkəmizin ərazisindən vurub çıarmışdır. Bu istiqamətdə dövlət sərhədinə çıxan bölmələrimiz düşmənin hərbi bazalarına və silahlı qruplaşmalarına güclü zərbələr endirmişlər. Döyüş əməliyyatlarını Ermənistan ərazisinə keçirən döyüşçülərimiz düşmənin 4 artilleriya qurğusunu ələ keçirmiş və ermənilərin xeyli canlı qüvvəsini məhv etmişlər.
Dünən xəbər vermişdik ki, Xocalı rayonu ərazisində düşmənin bir vertolyotu vurulub. Bu gün isə Ermənistanın Hərbi Hava Qüvvələrinin daha bir vertolyotu Sırxavənd kəndi üzərində məhv edilib.
Cəbhənin digər yerlərində nisbi sakitlik hökm sürür.