Son günlər müharibənin getdiyi bölgələrin çoxunda nisbi sakitlik hökm sürür. Laçın rayonunun cənubunda məhəlli xarakterli döyüşlər gedir. Bugün döyüşçülərimiz Güləbird istiqamətindən hücuma keçərək Məzmindağ yüksəkliyini ələ keçiriblər. Azərbaycanın Hava Hücumundan müdafiə qüvvələri bu gün saat 16:19-da Xocalı rayonu ərazisində Ermənistanın hərbi hava qüvvələrinə məxsus bir vertolyotu məhv ediblər.
Üzdəniraq Dağlıq Qarabağ Respublikasının baş naziri, Helsinki Vətəndaş Assambleyası Azərbaycan komitəsinin sədri Arzu xanım Abdullayevanı Xankəndiyə (Stepanakertə) dəvət etmişdi. Arzu Abdullayeva mövcud olmayan bir respublikanın hökumət başçısının dəvətini qəbul etməklə Dağlıq Qarabağ Respublikasını tanıdığını bildirmişdi. O, Böyük Britaniyanın dostları dini cəmiyyətinin, kvaker pasifist təşkilatının üzvləri Posvita və Peter Çarmanlara müraciət edərək bu səfərdə onu müşayiət etməyi təklif etmişdi. Bununla da Arzu Abdullayeva bu tanıma aktına beynəlxalq ictimaiyyəti də cəlb etmək istəmişdi.
Çarmanlar bir neçə gün əvvəl Analitik İnformasiya Mərkəzinə gələrək Arzu xanımla birlikdə cəbhə xəttini keçmək və Stepanakertə getmək istədiklərini bildirmişdilər. Analitik İnformasiya Mərkəzində onlara deyilmişdi ki, cəbhə xəttini yalnız Respublika SQ-ri Ali Komandanlığının icazəsi ilə keçə bilərlər. Lakin Helsinki Vətəndaş Assambleyasının üzvləri belə bir icazə almadan cəbhə xəttinə yollanmış və Füzuli briqadasının bölmələrinin nəzarət etdiyi yerdən cəbhə xəttini keçməyə cəhd göstərmişlər. Burada hərbi polis onları saxlamış və geriyə - Bakıya qaytarmışdır.