Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Erməni təbliğatı dünya ictimaiyyətinin diqqətini azdırmaq məqsədilə belə bir məlumat yaymışdır ki, Ermənistanda yanacaq qıtlığından bir neçə gündür ki, orada təyyarələr uçmur. Amma buna baxmayaraq dekabrın 22-də Azərbaycan səmasında ermənilərin kəşfiyyat təyyarəsi vurulmuşdur. Eyni zamanda bütün sərhəd boyu və Azərbaycanın işğal olunmuş hissəsində erməni zirehli texnikası gecə-gündüz hərəkət edir. Maraqlıdır, Ermənistanın belə “ağır enerji böhranı” keçirdiyi zaman bütün bu texnika nə ilə hərəkətə gətirilir?
Qərb ölkələrinə müraciət edərək onların Azərbaycana təzyiq göstərməsini tələb edən Ermənistan eyni zamanda dekabrın 24-ü səhər Zəngilan rayonu ərazisində yenidən Azərbaycanın dövlət sərhədini pozaraq Quyudərə-Həştad və Yuxarı Yeməzli kəndləri istiqamətində hücuma keçmişdir. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün gücünü səfərbər edərək düşmənin hücumunun qarşısını almış və onu sərhədimizdən kənara atmışlar. Döyüşçülərimiz müvəffəqiyyətli döyüş əməliyyatlarını genişləndirərək daha əlverişli mövqeləri ələ keçiriblər. Bütün gün ərzində davam edən döyüş nəticəsində ermənilər 50-yə qədər əsgər itirmişlər. Erməni ordusunun hissələri Azərbaycan sərhədi boyunca uzanan Gorus-Qafan-Mehri yolunu təhlükəsizləşdirməyə çalışaraq bu gün yenidən mövqelərimizə hücum etmiş və bizi sərhəddən sıxışdırmağa cəhd göstərmişlər. Gün ərzində gedən şiddətli döyüşlərdən sonra əsgərlərimiz əks hücuma keçərək düşməni geri oturtmuş və onu itkiyə məruz qoymuşdur.
Düşmən Qubadlı rayonunun sərhədində də dinc durmur. Bu istiqamətdə yerləşən erməni ordusunun hissələri dövlət sərhədini pozmaq üçün fürsət axtarırlar. Burada yerləşən bölmələrimiz düşmənin bütün hücumlarının qarşısını almağa qadirdirlər. Dünən axşam ermənilər rayonun Göyyal kəndini atəşə məruz qoyublar. Döyüşçülərimiz cavab atəşi açaraq düşmənin atəş nöqtələrini susdurublar.
Bu gün Gədəbəy rayonunun sərhədində də sakitlik olmamışdır. Döyüşçülərimizin ələ keçirib möhkəmləndikləri hakim yüksəkliklər gün ərzində iki dəfə hücuma məruz qalıb. Bu o yüksəkliklərdir ki, son vaxtlara qədər ermənilər buradakı mövqelərdən Şınıx zonasının kəndlərini və Gədəbəy rayonunun rus əhalili Novoivanovka və Novosaratovka məntəqələrini fasiləsiz atəş altında saxlayırdılar. Hər iki halda düşmən geri oturulduqdan sonra erməni komandanlığı bu regionda bizim sayıqlığımızı zəiflətmək məqsədilə həmin yüksəkliklərdə ikitərəfli gözətçi məntəqələrini yaratmaq təklif etmiş, lakin ona qəti rədd cavabı almışdır.
Cəbhənin digər sahələrində döyüşlər yerli əhəmiyyət daşıyıb.