Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Son vaxtlar Ermənistanın Krasnoselsk və Azərbaycanın Gədəbəy rayonlarının sərhədindəki hakim yüksəklikləri əldə saxlayan erməni silahlı birləşmələri buradan müntəzəm surətdə həm Gədəbəy rayonunun Şınıx zonasının kəndlərini, həm də ruslar yaşayan Novosaratovka və Novoivanovka kəndlərini atəşə tuturdular. Bu atəşlərin qarşısını birdəfəlik almaq məqsədilə Azərbaycan Milli Ordusunun hissələri dünən, dekabrın 22-də uğurlu əməliyyat aparıblar. Əsgərlərimiz gözlənilmədən və surətlə hücuma keçərək bu istiqamətdə olan bütün strateji yüksəklikləri ələ keçiriblər. Döyüşçülərimiz bu uğurlu əməliyyatı bütün gün ərzində davam etdirərək düşmənə sarsıdıcı zərbələr vurublar. Keçirilən əməliyyat nəticəsində ermənilərin 170-ə qədər əsgər və zabiti öldürülmüş, düşmənin 5 topu, 1 hərbi avtomaşını məhv edilib. Həmin günü Gədəbəy səmasında kəşfiyyat uçuşu aparan erməni təyyarəsi Novoivanovka kəndi üzərində vurulub.
Azərbaycan ərazisinin bir hissəsinin işğalına cavab olaraq Respublikamızın Silahlı Qüvvələri düşmənin dövlət sərhədi boyunca yerləşən bütün hərbi obyektlərini məhv etməkdə davam edəcəklər.
Ötən gecə düşmən Cəbrayıl istiqamətindəki Qışlaq və Sur kəndlərini, Ağdam cəbhəsində mövqelərimizi atəşə məruz qoyub.
Dünən xəbər vermişdik ki, Qubadlı rayonunun Seytas kəndi yaxınlığında ermənilərin bir tankı minaya düşərək partlayıb. Ötən gecə həmin ərazidə erməni ordusunun 1 PDM-i də məhv edilib. Bu gün Ermənistan silahlı qüvvələrinin artilleriyası Qubadlı rayonunun Cılfır, Seytas və Göyərcik kəndlərini atəşə tutub.