Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Son vaxtlar Ermənistanın Krasnoselsk və Azərbaycanın Gədəbəy rayonlarının sərhədindəki hakim yüksəklikləri əldə saxlayan erməni silahlı birləşmələri buradan müntəzəm surətdə həm Şınıx zonasının kəndlərini, həm də Gədəbəy rayonunun Novosaratovka və Novoivanovka kəndlərini atəşə tuturdular. Bu kəndlərimizin atəşə tutulmasının qarşısını birdəfəlik almaq məqsədilə Azərbaycan Milli Ordusunun hissələri dünən, dekabrın 22-də uğurlu əməliyyat həyata keçiriblər. Əsgərlərimiz gözlənilmədən və surətlə hücuma keçərək bu istiqamətdə olan bütün strateji yüksəklikləri ələ keçiriblər. Döyüşçülərimiz bu uğurlu əməliyyatı bütün gün ərzində davam etdirərək düşmənə sarsıdıcı zərbələr vurublar. Keçirilən əməliyyat nəticəsində ermənilərin 170-ə qədər əsgər və zabiti öldürülmüş, düşmənin 5 topu, 1 avtomobili məhv edilmişdir. Ələ keçirilən yüksəkliklərdə möhkəmlənən döyüşçülərimiz düşmənin dövlət sərhədi boyunca yerləşən bütün hərbi obyektlərini atəşə tutmaqda davam edirlər.
Ötən gecə düşmən Cəbrayıl istiqamətindəki Qışlaq və Sur kəndlərini, Ağdam cəbhəsində mövqelərimizi atəşə məruz qoyub.
Dünən xəbər vermişdik ki, Qubadlı rayonunun Seytas kəndi yaxınlığında ermənilərin bir tankı minaya düşərək partlayıb. Ötən gecə həmin ərazidə düşmənin 1 PDM-i də minaya düşərək ekipajı ilə birlikdə məhv olub.