Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistanın Azərbaycana qarşı apardığı müharibə davam edir. Bu gün, dekabrın 22-də erməni hərbi birləşmələri Füzuli rayonundakı Cəmilli gözətçi məntəqəsini Sos kəndi istiqamətindən PDM-lərdən atəşə tutublar.
Dünən erməni quldurları Cəbrayıl istiqamətindəki Qışlaq və Sur kəndlərini müxtəlif təyinatlı silahlardan atəşə tutublar. Xalqımıza qarşı amansız müharibə aparan düşmən beynəlxalq hüquq qaydalarına məhəl qoymur və məlum Cenevrə konvensiyasının tələblərini riyakarcasına pozurlar. Belə ki, ermənilər dünən hətta təcili yardım maşınına da atəş açıblar. Maşın zədələnsə də, xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Bu gün səhər saat 10 radələrində Qubadlı rayonunun Seytas kəndi istiqamətində monevr edən erməni tankı minaya düşərək partlamışdır. Nəticədə tank heyəti ilə birlikdə yanmışdır.
Son vaxtlar Ermənistanın Krasnoselsk və Azərbaycanın Gədəbəy rayonlarının sərhədindəki hakim yüksəklikləri əldə saxlayan erməni silahlı birləşmələri buradan müntəzəm surətdə həm Şınıx zonasının kəndlərini, həm də Gədəbəy rayonunun Novosaratovka və Novoivanovka kəndlərini atəşə tuturdular. Bu kəndlərimizin atəşə tutulmasının qarşısını birdəfəlik almaq məqsədilə Azərbaycan Milli Ordusunun hissələri bu gün, dekabrın 22-də səhər saat 8-də artilleriya hazırlığından sonra düşmən mövqelərinə hücuma keçiblər. Bu hücum nəticəsində igid döyüşçülərimiz Keçəldağ, Qaraşamiri, Qaranazılxanyal yüksəkliklərini ələ keçirmiş və onlara bütünlüklə nəzarət edirlər. Hazırda Qarasarıyal yüksəkliyi uğrunda şiddətli döyüşlər gedir. Yüksəklikləri ələ keçirən döyüşçülərimiz Ermənistan ərazisinə 3 km-ə qədər irəliləmişlər. Bu dağlıq ərazidə çoxlu qar yağdığına baxmayaraq, Azərbaycan Ordusunun hissələri müvəffəqiyyətlə irəliləyirlər. Bu döyüş nəticəsində düşmən ağır itkilər verib. İlkin məlumata görə düşmənin 2 artilleriya qurğusu ələ keçirilib, 2 artilleriya qurğusu və 100-dən artıq əsgəri məhv edilib. Hərbiləşdirilmiş Krasnoselsk və Orçenikidze məntəqələri bombardman edilir.
Gorus rayonunda erməni milli ordusunun hissələrinin darmadağın edilməsini davam etdirən döyüşçülərimiz bu gün Davidbek yaxınlığında düşmən ordusunun bir hissəsinin qərargahını və yığım məntəqəsini artilleriya atəşilə bütünlüklə darmadağın ediblər. Nəticədə düşmənin 30-a qədər əsgər və zabiti məhv edilib.