Son bir neçə gün ərzində hərbi döyüş səhnəsinin əməliyyat şəraitində ciddi dəyişiklik olmayıb. Dünən axşam Cəbrayıl rayonunun Qazanzəmin kəndi Xintağlar istiqamətindən pulemyotlardan atəşə tutulub.
Dekabrın 19-na keçən gecə isə düşmən Ermənistan ərazisindən Qubadlının Əyin kəndində yerləşən mövqelərimizə hücum ediblər. Döyüşçülərimiz bu hücumun qarşısını alaraq düşməni geri oturdublar.
Bu sakitliyə baxmayaraq həm ölkənin xaricində, həm də daxilində təxribat davam edir. Zəngilan və Qubadlı bölgələrində törətdikləri cinayətlərdən dünya ictimaiyyətinin nəzərini yayındırmaq məqsədi ilə Ermənistanın təbliğat maşını hər cür çirkin yalanlara əl atır. Dekabrın 18-də Ermənistan informasiya agentlikləri belə bir xəbər yayıb ki, guya azərbaycanlılar Ermənistanın cənubundakı Mehri rayonunu atəşə tutduqda İranın şimalındakı bəzi yaşayış məntəqələri də bu atəşə məruz qalıb. Rəsmən bildiririk ki, Azərbaycan tərəfi İranın heç bir yaşayış məntəqəsini atəşə tutmayıb.
Dekabrın 17-də “Həyat” qəzetinin “Xəbərlər” bölməsində belə bir yazı gedib ki, Kəlbəcər rayonunun hakimiyyət orqanları təxribatın qarşısını alıblar. Bu təxribat rayondan guya 20 maşın vasitəsilə yerli əhalinin köçürülməsindən ibarətmiş. Bununla əlaqədar olaraq AİM rəsmən bildirir ki, MN-in müəyyən yüklərini lazımi yerlərə çatdırılması üçün Kəlbəcərə 20 ədəd yük maşını göndərilib.
“Millət” qəzetinin 19 dekabr 86-cı nömrəsində müəllifi göstərilməyən “Zəngilan qan içində” başlıqlı məqalə dərc edilib. Bu ilin yazında çəkilmiş, Xocalı faciəsini əks etdirən rəsm əsəri məqalənin özündən daha çox yer tutur. Maraqlıdır, ictimaiyyətin fikrini yayındıran - təhrif edilmiş faktlar kimə lazımdır. Ümumiyyətlə axır vaxtlar mətbuatda hərbi əməliyyatlar barədə düzgün olmayan məlumatların çoxalmasını nə ilə izah etmək olar.