Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Bu gün bütün gün ərzində cəbhə xətti boyunca nisbi sakitlik olmuşdur. Döyüş yerlərindən gələn məlumata görə bəzi rayonlarda yüngül atışmalar qeydə alınmışdır. Laçın rayonunun şimalında mövqe döyüşləri davam edir.
Azərbaycan öz ərazisinin tam azadlığı uğrunda müharibə aparır. Biz torpaqlarımızı tapdaq altında saxlayan düşmənə qarşı amansız olacağıq. Xəbər verdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələri dəfələrlə Ermənistanın strateji obyektlərinə bombardman endirərək düşmənə xeyli ziyan vurublar. Bunu qismən hətta erməni mənbələri də təsdiq edir. Snark agentliyinin yaydığı məlumatda deyilir ki, Ermənistan hökuməti keçmiş sovet ordusunun hava hücumundan müdafiə qoşunlarında xidmət etmiş zabitlərinə müraciət edərək onlara Ermənistan milli ordusunda qulluq etmələrini təklif etmişdir.
Bu gün “Xoş gördük” proqramında Müdafiə Nazirliyinin Analitik İnformasiya Mərkəzinə belə bir irad tutulmuşdu ki, guya biz Zəngilanda baş verən hadisələr haqqında həqiqəti gizlədir və ora heç bir jurnalisti buraxmırıq. Təəssüflə qeyd etməliyik ki, bu proqramın yaydığı növbəti yalan təxribat xarakteri daşıyır və bizim fikrimizcə respublikada sabitliyin pozulmasına yönəlmişdir. Zəngilan rayonunun bir sıra işğal olunmuş kəndləri döyüşçülərimiz tərəfindən azad olunan kimi bizim Mərkəzin əməkdaşları həmin kəndlərə getmiş və erməni faşistlərinin vəhşiliyi haqqında onların hazırladıqları reportaj Respublika televiziyası ilə göstərilmişdi. Eyni zamanda Analitik informasiya mərkəzi respublika və xarici jurnalistlərdən ibarət 15 nəfərlik böyük bir qrupun Zəngilana getməsini təklif etmişdi. Azərinform, Xəbər-Servis, Assa-İradə, Biz-nyus agentliklərinin, Hollandiya Avro-radiosunun, Ostankino televiziyasının, İzvestiya və Səhər qəzetlərinin müxbirləri Zəngilanda olmuşlar. Onların hamısına azad olunmuş kəndlərdə də olmaq imkanı verilmişdi.
“Xoş gördük” proqramının mövcud olduğu bütün müddət ərzində onun əməkdaşları bir dəfə də olsun döyüş zonalarına getmək üçün bizə müraciət etməyib. Görünür Bakıda rahat yerdə oturub müharibə haqqında mülahizə yürütmək çox asandır. Cəbhəyə getmək və oradan reportaj hazırlamaq isə əsl kişilik tələb edir.