Ermənistan və Azərbaycan dövlətləri arasındakı münaqişə daha da dərinləşərək genişmiqyaslı müharibə xarakteri almışdır. Erməni qəsbkarları tərəfindən törədilən müharibənin alovları respublikamızın artıq 16 rayonunu bürümüşdür. Onlardan dördü – Şuşa, Xocalı, Laçın və Xocavənd rayonları demək olar ki, bütünlüklə Ermənistan ekspedisiya korpusu tərəfindən zəbt edilib. Faktiki olaraq mövcud olan Ermənistan ordusu Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisinin 5%-dən çoxunu işğal edib.
Erməni işğalçıları Zəngilan rayonunun 7 kəndinə hələ də nəzarət edirlər. Bu kəndlərin azad edilməsi uğrunda döyüşlər davam edir. Bu gün ermənilər işğal olunmuş Seyidlər kəndindən və Ermənistanın Qafan rayonu ərazisindən Zəngilanın Kolluqışlaq, Saralı Həştad, Quyudərə Həştad, Rəzdərə, Burunlu, Aşağı Göyəli, Yuxarı və Orta Yeməzli kəndlərini tank, top və pulemyotlardan atəşə tutublar. Cavab atəşi ilə Seyidlərdə düşmənin 1 tankı məhv edilib.
Dünən, dekabrın 14-də, axşam Füzuli rayonunun mərkəzi və Divanallar, Cəmilli kəndləri erməni mövqelərindən fasiləsiz olaraq top atəşinə tutulub. Ötən gecə isə düşmən Qarakənd, Əsgəran və Kətik istiqamətlərindən Ağdam şəhərini və ətraf kəndləri güclü artilleriya atəşinə məruz qoyub. Bu atəşlər nəticəsində həm Füzuli, həm də Ağdam şəhərində dağıntılar olub.
Bu gün Cəbrayıl istiqamətində ara-sıra atışmalar baş verib.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.