Xəbər verdiyimiz kimi, dekabrın 10-da hərbi texnika və vertolyotların köməyi ilə Ermənistan silahlı qüvvələri dövlət sərhədini pozaraq Azərbaycanın Zəngilan və Qubadlı bölgələrinə hücum etmişlər. Erməni işğalçıları Zəngilanın Şayıflı, Şərikan, Burunlu, Aşağı və Yuxarı Göyəli, Canbar, Seyidlər, Ağkənd, Qazançı, Dərəli, Pirveysli, Günqışlaq kəndləri və Qubadlı rayonunun Yuxarı Çibikli kəndini zəbt etmişlər. Düşmən, həmçinin Qubadlı rayonunun Seytas və Əyin məntəqələrini də işğal etməyə cəhd göstərmişlər. Hal-hazırda Silahlı Qüvvələrimizin və Daxili qoşunlarımızın bölmələri yerli özünümüdafiə qüvvələrinin köməyi ilə Qubadlının ərazisini tamamilə və Zəngilan rayonunun Şayıflı, Şərikan, Burunlu, Aşağı Göyəli kəndlərini azad etmişlər. Müdafiə Nazirliyi Analitik İnformasiya Mərkəzinin bir qrup zabiti azad olunmuş kəndlərdə olmuş, bizə ermənilərin törətdikləri cinayətlər haqqında dəqiqləşdirilmiş məlumat təqdim etmişlər. Bu azad olunmuş kəndlərdə 19 meyid tapılmışdır. Onlardan 2-si qadın olmaqla, 8-i mülki şəxsdir. 8 meyiddə işgəncə izləri var. 40 nəfər yaralananlardan 13-ü dinc sakindir. 9 nəfər əsir düşüb, 23 nəfər haqqında isə heç bir məlumatımız yoxdur. Qubadlı rayonunda hərbi qulluqçulardan 12 nəfər, 2 nəfər Yuxarı Çibikli kəndindən və 1 nəfər Qubadlı şəhərindən həlak olmuşlar. Beləliklə, Qubadlı və Zəngilan rayonunda ölənlərin və itkin düşənlərin sayı 60-ı keçmişdir. Dekabrın 14-nə olan bu rəqəmlər dəqiqləşdirilir.
Şəhərdə belə bir şayə gəzir ki, guya ölənlərin və yaralananların sayı həddindən artıq çoxdur. Dörd illik müharibənin faciəli təcrübəsini nəzərə alaraq dinc əhali buradan əsasən köçürülmüşdür. Bizim torpağımızı tapdalamaq, həmvətənlərimizi erməni faşist işğalçıları tərəfindən öldürmək heç bir zaman cavabsız qalmayacaqdır. Kərkicahanın, Xocalının, Şuşanın, Laçının, Zəngilanın qurbanlarının qisası alınacaq.
Xəbər vermişdik ki, sərhəd bölgələrimizdəki bəzi kəndlərimizin erməni ordusu tərəfindən işğal edilməsinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı sərhəddəki bütün bölmələrimizə göstəriş verib ki, Ermənistan ərazisində yerləşən və bizi daima atəş altında saxlayan hərbi və strateji obyektləri bombardman etsinlər. Gədəbəydə yerləşən bölmələrimiz Ermənistanın Krasnoselsk rayonundakı bu cür obyektləri atəşə tutmuşdur. Ağır itkilərə məruz qalan düşmən Azərbaycan tərəfinə xahişlə müraciət etmişdir. Bu zonada hərbi obyektlərə yaxın yaşayan dinc əhali oradan köçürülsün. Düşmən dünən 4 saat yarım ərzində Füzuli rayonunu top atəşinə tutub. Bu gün isə Füzuli cəbhəsində nisbi sakitlikdir.
Tovuz rayonunun Əlibəyli kəndi bu gün saat 12-də müxtəlif silahlardan atəşə tutulmuşdur.
Digər münaqişə zonalarında nisbi sakitlikdir.