Azərbaycanın Ermənistanla dövlət sərhədində vəziyyət gərgin olaraq qalır. Erməni qəsbkarları Zəngilan rayonunun Qazançı, Seyidlər, Günqışlaq, Dərəli, Ağkənd, Pirveysli, Yuxarı Göyəli kəndlərini işğal altında saxlayırlar. Dünən düşmən Mehri rayonu ərazisindən Şükürataz istiqamətində hücum cəhdi göstərib. Döyüşçülərimiz bu cəhdin qarşısını mərdliklə alıblar. Hazırda bu istiqamətdə artilleriya döyüşü gedir.
Xəbər vermişdik ki, sərhəd bölgələrimizdəki bəzi kəndlərimizin erməni ordusu tərəfindən işğal edilməsinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı sərhəddəki bütün bölmələrimizə göstəriş verib ki, Ermənistan ərazisində olan hərbi və strateji obyektləri bombardman etsinlər. Gədəbəydə yerləşən bölmələrimiz son 3 gün ərzində Ermənistanın Krasnoselsk rayonundakı bu cür obyektləri atəşə tutmuşdur. Ağır itkilərə məruz qalan düşmən atəşin dayandırılması üçün xahişlə müraciət etmişdir.
Düşmən dünən 4 saat yarım ərzində Füzuli şəhərini və ətrafdakı kəndləri top atəşinə tutub. Cavab atəşi ilə düşmənə ağır zərbələr endirilib. Dəqiqləşdirilmiş məlumata görə, erməni tərəfindən 13 nəfər öldürülüb və 30-dan çox düşmən əsgəri yaralanıb.
Ötən gecə Ağdam cəbhəsində ara-sıra atışmalar olub.