Azərbaycanın Ermənistanla sərhəd bölgələrində qızğın döyüşlər davam edir. Ən gərgin vəziyyət Zəngilan rayonunun ərazisindədir. Dünən döyüşçülərimiz əks-hücuma keçərək Şayıflı, Şərikan, Canbar, Aşağı Göyəli, Burunlu kəndlərini düşmənlərdən azad ediblər. Seyidlər, Ağkənd, Qazançı, Dərəli, Günqışlaq, Pirveysli, Yuxarı Göyəli kəndləri uğrunda döyüşlər gedir.
Qubadlı bölgəsində yerləşən bölmələrimiz düşməni rayonun bütün zəbt edilmiş torpaqlardan qovub çıxartmışlar. Hazırda döyüşçülərimiz dövlət sərhədinə çıxaraq rayonun bütün kəndlərinə nəzarət edirlər. Bunu görən düşmən bugün səhərdən Qubadlı şəhərini Ermənistan ərazisindən “Qrad” qurğularından atəşə tutur.
Qarabağın ərazisində nisbi sakitlik hökm sürür. Ötən gecə Cəbrayıl istiqamətindəki Sur və Quşçular gözətçi məntəqələri avtomat və pulemyotlardan ara-sıra atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.
Zəngilan rayonunun yerli hakimiyyət orqanlarından alınan xəbərlərə görə, erməni işğalçıları müvəqqəti tutulmuş kəndlərdə vəhşiliklər törətmişlər. Ermənilərlə müharibənin faciəli təcrübəsini nəzərə alan hakimiyyət orqanları sərhəd boyu kəndlərdən əhalinin xeyli hissəsini təhlükəsiz yerlərə köçürmüşdülər. Lakin düşmənin gözlənilməz hücumu bu kəndlərdən, xüsusən sərhədə yaxın olan kəndlərdə yaşayan bütün dinc sakinləri köçürməyə imkan verməmişdir. Döyüşçülərimiz kəndləri azad etdikləri zaman nəinki hərbi qulluqçulara, həm də dinc əhaliyə qarşı vəhşiliklərinin şahidi olublar. Bu kəndlərdə düşmən tərəfindən soyuqqanlıqla güllələnmiş 21 nəfərin, o cümlədən 6-sı qadın olan 13 dinc sakinin meyidi tapılmışdır. Ölənlərin və girov düşənlərin sayı dəqiqləşdirilir.
Müdafiə Nazirliyi Analitik İnformasiya Mərkəzinin bir qrup əməkdaşı hadisə yerinə getmişlər. Erməni qəsbkarlarının Azərbaycanın bu bölgəsində törətdikləri bütün cinayətlər geniş şəkildə bütün ictimaiyyətə çatdırılacaqdır.
Ermənistanın informasiya agentlikləri belə bir məlumat vermişlər ki, guya Qarabağ səmasında Azərbaycan Hərbi Hava Qüvvələrinin bir təyyarəsi vurulub. Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri bildiriblər ki, son günlər Qarabağ səmasında Azərbaycanın heç bir təyyarəsi vurulmayıb. Erməni tərəfinin yaydığı bu xəbər Azərbaycana qarşı yönəlmiş təbliğat müharibənin tərkib hissəsidir.