Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Xəbər verdiyimiz kimi, azğın düşmən dövlət sərhədimizi xaincəsinə pozaraq Zəngilan və Qubadlı rayonlarının ərazisinə soxulmuş, bir sıra kəndlərimizi talan etmişdilər. Silahlı Qüvvələrimizin komandanlığının gördüyü qəti tədbirlər sayəsində ordumuzun hissələri daxili qoşunlarla birlikdə bütün qüvvələrini səfərbər edərək düşmənə sarsıdıcı əks-zərbələr endirmişlər.
Düşmənin ən böyük təcavüzünə məruz qalan Zəngilan rayonunun əhalisi bir nəfər kimi ayağa qalxaraq bu bölgədəki döyüşçülərimizlə birgə erməni ordusuna sinə gərmiş və müqəddəs torpaqlarımızın hər qarışı uğrunda ölüm-dirim mübarizəsinə qalxmışlar. Bu kütləvi qəhrəmanlığın sayəsində Şayıflı, Şərikan, Yuxarı Göyəli, Seyidlər, Canbar, Burunlu kəndləri tamamilə düşməndən təmizlənmişdir. Hazırda döyüşçülərimiz müzəffər yürüşlə irəliləyərək Qazançı, Günqışlaq və Pirveysli məntəqələrinin azad olunmasını başa çatdırmaq əzmindədirlər.
Erməni ordusu Qubadlı sərhədlərində daha ağır məğlubiyyətə uğramışdır. Əyin və Seytas kəndlərinə soxulmağa cəhd göstərən düşmən döyüşçülərimizin mətinliyi qarşısında davam gətirə bilməmiş, xeyli itki verərək geri qaçmışlar. Bu gün səhər tezdən milli ordumuzun bölmələri, polis əməkdaşları və yerli camaatla birgə əks-hücuma vurmuşlar. Erməni tapdağından azad edilmiş Yuxarı Çibikli kəndinin qarla örtülmüş təpələri murdar düşmən qanından qızarmışdır. Qəhrəman əsgərlərimiz bununla kifayətlənməyərək düşməni qovmaqda davam etmiş, Ermənistan ərazisinə daxil olaraq Gorus rayonunun Davidbek kəndindəki hərbi bazaları darmadağın edərək kəndin külünü göyə sovurmuşlar.
Bu günlər ordumuz Laçın bölgəsində də qalibiyyətli yürüşlər aparır. Aldığımız son məlumata görə, döyüşçülərimiz Dəlidağ yüksəkliyini, Fərrac və Nurəddin kəndlərini ermənilərdən azad edərək Finkə kəndi uğrunda vuruşurlar.
Düşmən Qubadlı sərhədindəki döyüşlərdə 1 Qrad qurğusu, 1 tank və PDM-2 itirmişdir. Düşmənin canlı qüvvə sarıdan itkiləri barədə məlumat dəqiqləşdirilir.
Sərhəd bölgələrində yerləşən hissələrimiz komandanlığın göstərişini yerinə yetirərək Ermənistan ərazisindəki iri hərbi bazaları darmadağın etmək məqsədilə Qafan, Gorus, Krasnoselsk və digər hərbiləşdirilmiş məntəqələrə artilleriya qurğularından ağır zərbələr endirmişlər. Eyni zamanda Azərbaycan HHQ Qafanın bir sıra strateji obyektlərini bombalamışlar.