Respublikamızın Ermənistanla sərhəd bölgələrində vəziyyət gərgin olaraq qalır.
Zəngilan rayonunun Şərikan, Canbar, Burunlu, Yuxarı Göyəli, Şayıflı, Qubadlı rayonunun Yuxarı Çibikli kəndləri artıq ikinci gündür ki, Ermənistan ordusu tərəfindən zəbt edilib. Düşmən qüvvələrinin soxulduğu kəndlərdə yaşayan dinc əhalinin bir qismi ziyan çəkib, xeyli mal-qara oğurlanıb. Zəbt edilmiş kəndlərdə əhalinin var-dövləti talan edilir, evlər vəhşicəsinə yandırılır.
Qubadlı rayonunun mərkəzi, Tarovlu, Yuxarı və Aşağı Çibikli, Əyin və Novlu kəndləri artilleriya və digər raket qurğularından intensiv atəşə tutulur. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin müvəqqəti üstünlüyünü aradan qaldırmaq üçün döyüş əməliyyatlarını genişləndirirlər. Zəngilanın Şayıflı, Qubadlının Yuxarı Çibikli kəndləri istiqamətində düşmənin hücumlarının qarşısı alınır, geri oturdulur. Ermənilərin möhkəmləndiyi mövqelərə ağır artilleriya zərbələri endirilir. Ordumuzun əsgərləri itirilmiş mövqeləri qaytarmaq üçün gərgin döyüşlər aparırlar.
Bütün istiqamətlərdə Ermənistan ordusunun hücumları dəf olunur. Şəhid olanlarımız, yaralananlarımız və digər itkilərimiz var. Düşmən Qarabağ cəbhəsində də sakitliyi pozur. Ötən gecə Cəbrayıl bölgəsinin Sur, Qışlaq və Quşçular kəndləri ermənilər tərəfindən atəşə tutulub. Ordumuzun bölmələri cavab atəşi ilə düşməni susdurublar.
Digər münaqişə zonalarında nisbi sakitlikdir.