Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan SQ-ri Qarabağdakı ekspedisiya korpusunun təcavüzkar hərəkətləri ilə kifayətlənməyərək bütün Azərbaycan-Ermənistan sərhədi boyunca ölkəmizə qarşı müharibə aparırlar. Artıq iki aydır ki, Zəngilan rayonunun sərhəd kəndləri demək olarki, hər gün düşmən tərəfindən vəhşicəsinə atəşə tutulurdu. Dekabrın 10-na keçən gecə bu kəndlər Ermənistanın Qafan rayonunun ərazisindən güclü artilleriya atəşinə məruz qalıb. Yerli əhalinin adət etdiyi atəş bu dəfə hücumdan əvvəl artilleriya hazırlığı idi. Bundan sonra Qafan-Aqarak hərbi bazalarında yerləşən erməni qoşunları sərhədi keçərək Zəngilan rayonuna hücuma keçmişdir. Erməni ordusunun piyada bölmələri tankların və vertolyotların köməyi ilə bir neçə istiqamətdə Azərbaycan ərazisinə 5-10 km yeriyərək Şayıflı kəndindən keçən yolu kəsmişlər. Bu hücumun nəticəsində düşmən rayonun Seyidlər, Ağkənd, Qazançı, Dərəli, Yuxarı Göyəli, Günqışlaq, Pirveysli, Şərikan, Canbar kəndlərini zəbt etmişdir. Rayonun Şayıflı kəndi ətrafında qanlı döyüşlər gedir.
Dekabrın 10-na keçən gecə Zəngilanla qonşu olan Qubadlı rayonunun Tarovlu, Əyin, Aşağı və Yuxarı Çibikli, Novlu və Seytas kəndləri də atəşə tutulub. Səhərə yaxın atəş güclənmiş, günortadan sonra Qubadlı rayonunun mərkəzi QRAD qurğularından atəşə tutulub. Elektrik xətlərinin qırılması nəticəsində rayon işıqsız qalıb. Erməni hərbi birləşmələri Azərbaycan dövlət sərhədinin bu hissəsində bir neçə dəfə pozmağa can atmış, lakin onların bütün cəhdlərinin qarşısı alınmışdır. Rayonun Yuxarı Çibikli kəndində yerləşən döyüşçülərimiz bir qədər geri çəkilməyə məcbur olmuşlar.
Laçın rayonunun şimal hissəsində, dünən bütün günü və ötən gecə döyüşlər davam edib. Dekabrın 9-da və 10-da 250 nəfərə qədər erməni zirehli texnikanın köməyilə 6 dəfə Çilyaz yüksəkliyinə hücum edib. Düşmənin hücum cəhdləri dəf olunub. Ermənilər 1 tank və 30 nəfər əsgər itiriblər.
Erməni işğalçılarının təcavüzünə cavab olaraq Baş Qərargahın əmrinə əsasən, qonşu dövlətin Krasnoselsk, Gorus, Qafan rayonlarının ərazilərində yerləşən hərbi bazalara güclü artilleriya zərbəsi endirilib. Yanğın və dağıntılar var.
AR SQ-nin baş qərargahı xəbərdar edir: Əgər işğal olunmuş torpaqlarımız düşmən tərəfdən tərk edilməsə və Azərbaycan dövlət sərhədi bir daha pozularsa Ermənistan ərazisinə artilleriya və hava zərbələri endiriləcək.