Son bir neçə günkü döyüşlərdən sonra hərbi gücü tükənən erməni ekspedisiya korpusu Yuxarı Qarabağda döyüş əməliyyatlarını müvəqqəti dayandırmağa məcbur olmuşdur. Bu gün, dekabrın 10-da işğalçılıq planlarını həyata keçirmək üçün düşmən yenidən Azərbaycanın sərhədində əməliyyatlara başlamışdır. Zəngilan və Qubadlı rayonlarının sərhəd kəndləri Ermənistan ərazisindən şiddətli atəşə məruz qalmışdır. Düşmənin bu hərəkətləri təkrar olaraq onu sübut edir ki, biz Qarabağın erməni əhalisi ilə deyil, Ermənistan Respublikası ilə müharibə edirik. Belə ki, keçən gecə səhər saat 4-dən başlayaraq Zəngilan rayonunun Seyidlər, Qazançı, Ağkənd və Günqışlaq, saat 6-dan isə Qubadlı rayonunun Tarovlu, Əyin, Aşağı və Yuxarı Çibikli, Novlu və Seytas kəndləri ağır artilleriyalardan güclü atəşə məruz qalmışdır. Eyni zamanda erməni silahlı qüvvələrinin hissələri Seyidlər kəndinə soxulmuşlar. Döyüşlər davam edir.
Düşməni geri oturtmaq və sərhəddə əvvəlki vəziyyəti bərpa etmək üçün lazımi tədbirlər görülür.
Dünənki gün və ötən gecə Laçın rayonunun şimal hissəsində döyüşlər davam edib. Dekabrın 9-10-da 250 nəfərdən ibarət erməni hərbi hissəsi tankların, artilleriya və minaatan batareyalarının köməyi ilə altı dəfə Çilyaz yüksəkliyinə hücum etmişlər. Bütün həmlələr dəf edilib. Düşmənin 1 tankı vurulmuş və 30-a qədər əsgəri yaralanmış və məhv edilmişdir.
Digər döyüş bölgələrində nisbi sakitlikdir.