Son iki gün ərzində bir neçə istiqamətdə hücuma keçən düşmən qüvvəsi tükəndiyindən, döyüş əməliyyatlarına fasilə verməyə məcbur olmuşdur. Bunu dünənki döyüş şəraiti də sübut edir. Ağdam şəhərinin, Cəbrayıl rayonunun Sur və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələrinin ara-sıra atəşə tutulmasını nəzərə almasaq, digər münaqişə bölgələrində əsasən sakitlik olmuşdur.
Bu gün gündüz Ağdamın Novruzlu, İsmayılbəyli və Mərzili kəndləri erməni mövqelərindən atəşə tutulmuşdur. Novruzlu kəndində 4 nəfər dinc sakinlərdən həlak olmuşdur. Füzuli rayonunda isə mövqelərimizə hücuma keçmək cəhdi göstərsə də, düşmən məqsədinə nail olmamışdır.