Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlərdə Laçın bölgəsinin şimal hissəsində gedən gərgin döyüşlərdən sonra burada vəziyyət bir qədər sabitləşib. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, hazırda öz mövqelərində möhkəmlənirlər. Burada əməllərinin baş tutmadığını görən erməni tərəfi daha da azğınlaşıb.
Dünən Ağdam rayonunun Mərzili kəndi Qarakənd istiqamətindən toplardan atəşə tutulduqdan sonra erməni silahlı birləşmələri 1 tank və 2 PDM-in köməyilə Pirəbulaq yüksəkliyi və Erki məntəqəsinə hücuma keçiblər. Erməni quldurları Ağdam rayonunun Erki fermasına basqın edib, onu dağıtmışlar. Bu gün isə düşmən zirehli texnikanın köməyi ilə bir daha hücuma keçərək Mərzili kəndini işğal etməyə cəhd göstərmişdir. Silahlı Qüvvələrimizin Ağdam bölgəsindəki hissələri düşmənin hücumunu dayandırmağa müvəffəq olublar. Erməni tərəfi döyüş meydanında 2 tank və xeyli canlı qüvvə itirərək geri çəkilib. Biz tərəfdən də itkilər var. Eyni vaxtda düşmən Əsgəran səmtindən Xramort kəndindəki mövqelərimizə hücuma keçib. Hazırda cəbhənin bu istiqamətində qızğın döyüşlər gedir. Ağdam cəbhəsinin digər sahələrində atışmalar davam edir.
Bu gün səhər düşmən zirehli texnika və canlı qüvvədən istifadə edərək Füzuli rayonunun Cəmilli kəndinə də hücum edib. Lakin ermənilərin bu növbəti həmləsi topçularımızın sayıqlığı sayəsində dəf edilib.
Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə bölgəsindəki hissələri cənub istiqamətində hücum əməliyyatlarını davam etdirirlər. Bu gün döyüşçülərimiz ermənilərin Araçadzor kəndindəki mövqelərinə hücum etmişlər. Eyni zamanda artilleriyamız sərrast atəşlə düşmənin bir neçə istehkamını darmadağın edib. Bu istiqamətdə döyüş əməliyyatları davam edir.