Son günlərdə Laçın bölgəsinin şimal hissəsində gedən gərgin döyüşlərdən sonra burada vəziyyət bir qədər sabitləşib. Silahlı Qüvvələrimizin bölmələri düşmənin bütün həmlələrini dəf edib, hazırda öz mövqelərində möhkəmlənirlər. Burada əməllərinin baş tutmadığını görən erməni tərəfi daha da azğınlaşıb.
Dünən Ağdam rayonunun Mərzili kəndi Qarakənd istiqamətindən toplardan atəşə tutulduqdan sonra erməni silahlı birləşmələri 1 tank və 2 PDM-in köməyilə Pirəbulaq yüksəkliyi və Erki məntəqəsinə hücuma keçiblər. Erməni quldurları Ağdam rayonunun Erki fermasına basqın edib, onu dağıtmışlar.
Bu gün səhər isə düşmən zirehli texnika və canlı qüvvədən istifadə edərək Füzuli rayonunun Cəmilli kəndinə hücum edib. Lakin ermənilərin bu növbəti həmləsidə topçularımızın sayəsində dəf edilib.