Laçın rayonunun şimal hissəsində işğalçı erməni ordusunun hücumlarını mərdliklə dəf edən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə sarsıdıcı əks-zərbələr endirirlər. Bu gün Hocaz dağını almağa cəhd edən düşmən ağır itki verərək xeyli geri çəkilib. Döyüşçülərimiz düşmənə ayılmağa imkan verməyərək ardıcıl zərbələr endirirlər.
Hücum planlarının pozulduğunu görən erməni silahlı birləşmələri həm sərhəd bölgəsində, həm də Qarabağda yerləşən bəzi yaşayış məntəqələrimizi atəşə tuturlar. Dünən Ağdam şəhəri Xanabad istiqamətindən atəşə tutulub. “Qrad” qurğularından atılan mərmilər şəhərdə dağıntı törədib. Dünən axşam Zəngilan rayonunun Ağkənd, Qazançı, Seyidlər, Yuxarı Göyəli kəndləri Qafan rayonu istiqamətindən müxtəlif təyinatlı silahlardan, o cümlədən “Qrad” tipli qurğulardan atəşə tutulub. Burada yerləşən topçularımızın cavab atəşilə düşmənin atəş nöqtələri susdurulduqdan sonra bölgədə sakitlik yaranmışdı. Lakin bu gün ermənilər Qafan rayonu ərazisindəki yeni atəş nöqtələrindən Zəngilanın Qazançı və Seyidlər kəndlərini ara-sıra atəşə tutmağa başlayıblar. Bunun qarşısını almaq məqsədilə Zəngilan bölgəsində yerləşən bölmələrimiz Ermənistan ərazisində yerləşən və sərhədlərimizi pozmağa can atan erməni silahlı birləşmələrinin mövqelərinə sarsıdıcı artilleriya zərbələri endirirlər.