Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Dekabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Son həftə ərzində Laçın bölgəsinin şimal hissəsində gedən ağır döyüşlərdən sonra dünəndən bəri vəziyyət nisbətən sabitləşib. Bu cəbhədə erməni birləşmələrinin bütün həmlələri dəf edilib. Laçın qoşun hissələrimiz düşmənə tutarlı zərbələr endirərək onu taqətdən salıblar. Azərbaycan Silahlı Qüvvələrinin Baş Komandanlığı tutduğumuz mövqeləri və düşməndən azad edilmiş yaşayış məntəqələrimizi qorumaqdan ötrü zəruri tədbirlər görürlər.
Azərbaycan Ordunun bölmələri öz mövqelərini möhkəm saxlayaraq erməni ekspedisiya korpusu hissələrinə Qarabağ ərazisində fəal hücum əməliyyatları keçirməyə imkan vermirlər. Bunun əvəzində erməni artilleriyası Qarabağda və sərhəd bölgələrində heç bir hərbi əhəmiyyət kəsb etməyən yaşayış məntəqələrimizi daima atəş altında saxlamağa çalışır. Bu da erməni işğalçılarının vəhşi mahiyyətini daha da aydın bildirir. Ağdam şəhərinin dünən axşam və bu gün “Qrad” raketləri ilə atəşə tutulması buna dəlalət edir.
Əlbəttə, döyüşçülərimiz düşmən atəşlərini cavabsız qoymurlar. Dünən Zəngilan rayonunun Ağkənd, Seyidlər və Qazançı kəndlərinin atəşə tuutlmasını kəsmək üçün topçularımız Ermənistanın Qafan rayonu ərazisində yerləşən düşmənin atəş mövqelərini darmadağın ediblər.
Bu gün saat 16-da Moskva “Ostankino” telekanalının “Novosti” proqramı erməni mənbələrinin belə bir xəbərini yayıb ki, guya Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsi Azərbaycan-Ermənistan hava sərhədini pozaraq Gorus rayonunun ərazisinə bomba yükü atıb. Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahından aldığımız məlumata görə, bu xəbər növbəti böhtandan başqa bir şey deyildir. Bu cür yanlış məlumatlar da ermənilərin öz vəhşi əməllərindən dünya ictimaiyyətinin diqqətini yayındırmaq məqsədini güdür.