Dünən axşam və ötən gecə münaqişə bölgələrində gərginlik daha da artıb. Erməni qüvvələri həm Azərbaycan-Ermənistan sərhədində, həm də Qarabağda xeyli fəallaşıb. Sentyabrın 30-u axşam Zəngilan rayonunun ərazisi şiddətli “Qrad” və top atəşinə məruz qalıb. Atəş 30 km-lik sərhəd zonası boyu açılıb. Əsasən Şayıflı və Qazançı kəndləri zərər çəkib. Bu kəndlərdə xeyli dağıntılar olub. Erməni quldurları sərhədi pozub, Kolluqışlaq kəndinə basqın ediblər, nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb. Eyni vaxtda Qubadlı rayonunun ərazisi də Ermənistanın Gorus rayonu səmtindən top və “Qrad” tipli qurğulardan atəşə tutulub. Qubadlı şəhəri yaxınlığında 8 mərmi düşüb. Erməni artilleriyası oktyabrın 1-nə keçən gecə də Zəngilan və Qubadlı bölgələrinin əhalisini dinc qoymayıb, saat 12-dən başlayaraq sərhəd boyu yaşayış məntəqələrini fasilələrlə atəşə tutub.
Dünən axşam və gecə ərzində Yuxarı Qarabağda erməni ekspedisiya korpusu yenidən hücuma keçmək cəhdləri edib. Gülablı, Xanabad və Fərrux istiqamətlərindən düşmənin hücum fəallığı Ordumuzun Ağdam bölgələri tərəfindən dəf edilib. Düşmənin Ağdərə cəbhəsində də qüvvə toplamağı qoşunlarımızın əks tədbirləri nəticəsində bir fayda verməyib. Döyüşçülərimiz öz mövqelərini möhkəm saxlayır, düşmənin hər bir yeni həmləsini sayıq vəziyyətdə qarşılayırlar.
Laçın bölgəsinin cənubunda yerləşən bölmələrimiz ermənilərin Laçın dəhlizini genişləndirmək cəhdlərini də dəf ediblər. Son döyüşdə düşmənin zenit qurğusu, iriçaplı pulemyotu və 5 snayperi məhv edilib.