Ötən gecə və gün ərzində münaqişə bölgələrində gərginlik daha da artıb. Erməni qüvvələri həm Azərbaycan-Ermənistan sərhədində, həm də Qarabağda xeyli fəallaşıb. Sentyabrın 30-u axşam Zəngilan rayonunun ərazisi şiddətli “Qrad” və top atəşinə məruz qalıb. Atəş 30 km-lik sərhəd zonası boyu açılıb. Əsasən Şayıflı və Qazançı kəndləri zərər çəkib. Bu kəndlərdə xeyli dağıntılar olub. Erməni quldurları sərhədi pozub, Kolluqışlaq kəndinə basqın ediblər və nəticədə iki nəfər həlak olub, bir nəfər yaralanıb. Eyni vaxtda Qubadlı rayonunun ərazisi də Ermənistanın Gorus rayonu səmtindən top və “Qrad” tipli qurğulardan atəşə tutulub. Qubadlı şəhəri yaxınlığında 8 mərmi düşüb. Erməni artilleriyası oktyabrın 1-nə keçən gecə də Zəngilan və Qubadlı bölgələrinin əhalisini dinc qoymayıb, saat 12-dən başlayaraq sərhəd boyu yaşayış məntəqələrini fasilələrlə atəşə tutub. Gün ərzində də Zəngilan rayonunun Qazançı, Seyidlər, Ağkənd, Kolluqışlaq kəndləri, Şükürataz gözətçi məntəqəsi, Tovuz rayonunun Əlibəyli və Ağstafa rayonunun Ağköynək kəndi Ermənistan ərazisindən top atəşinə tutulub.
Ötən gecə və bu gün Yuxarı Qarabağda erməni ekspedisiya korpusu yenidən hücuma keçmək cəhdləri edib. Gülablı, Xanabad və Fərrux istiqamətlərindən düşmənin hücum fəallığı Ordumuzun Ağdam bölgələri tərəfindən dəf edilib. Saat 16-dan sonra Ağdam şəhərinə bir neçə “Kristal” mərmisi açılıb. Düşmənin Ağdərə cəbhəsində də qüvvə toplamağı qoşunlarımızın əks tədbirləri nəticəsində bir fayda verməyib. Döyüşçülərimiz öz mövqelərini möhkəm saxlayır, düşmənin hər bir yeni həmləsini sayıq vəziyyətdə qarşılayırlar.
Laçın bölgəsinin cənubunda yerləşən bölmələrimiz ermənilərin Laçın dəhlizini genişləndirmək cəhdlərini də dəf ediblər. Son döyüşdə düşmənin zenit qurğusu, iriçaplı pulemyotu və 5 snayperi məhv edilib. Bu gün saat 12 radələrində Xınaqaz və Xoznovar istiqamətlərindən Azərbaycan dövlət sərhədi kobudcasına pozulub. Laçın yolu ilə Qarabağa maneəsiz hərbi texnika və döyüş sursatı keçirməkdən məhrum olan düşmən buradan 2 avtomaşın karvanı köçürmək istəyib. Topçularımızın sərrast atəşi ilə karvanların bir hissəsi darmadağın edilib, qalanları geri dönməyə məcbur olublar.
Zəngilan İcra hakimiyyətinin başçısı Telman Kazımovdan indicə aldığımız məlumata görə, günün 2-ci yarısında rayonun Şükürataz yaylağı, Keçikli, Şayıflı və Şərikan kəndləri güclü top atəşinə tutulub. 2 gün ərzində rayon əhalisindən 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb, Yuxarı Həştad kəndindən 2 nəfər girov aparılıb. Ermənilər Yuxarı Yeməzli kəndinə hücum ediblər, hal-hazırda orada gərgin döyüş gedir.