Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan tərəfi Soçidə imzalanmış atəşin dayandırılması haqqında sazişə heç bir məhəl qoymur. Sərhəd bölgələrində yerləşən yaşayış məntəqələrinin atəşə tutulması davam edir. Ötən gecə Qazaxın Quşçu Ayrım və Məzəm kəndləri, Zəngilanın Ağkənd, Kolluqışlaq, Qazançı kəndləri güclü atəşə tutulub. Oktyabrın 2-nə keçən gecə Tovuzun Əlibəyli kəndi yaxınlığındakı mövqelərimiz və Muncuqlu kəndi, Gədəbəyin sərhəd kəndləri toplardan atəşə tutulub. Bütün gecə ərzində Qubadlı rayonunun sərhəd kəndləri və rayon mərkəzinin özü toplardan və digər ağır silahlardan güclü atəşə tutulub. Döyüşçülərimiz cavab tədbirləri görmək məcburiyyətindədirlər.
Ermənistan ekspedisiya korpusunun bölmələri Qarabağda yaşayış məntəqələrimizi atəşə tutur, imkan tapdığı mövqelərimizə həmlələr edirlər. Dünən ermənilər Cəbrayıl istiqamətində Sur postunu, Ağdam cəbhəsindəki mövqelərimizi atəşə tutublar. Düşmən Araçodzor-Qoçoqod istiqamətində mövqelərimizə həmlə etmək istəsə də heç nəyə nail olmur.
Ağdərə istiqamətində yerləşən bölmələrimiz əks həmlələrlə düşməni əvvəlki mövqelərindən də vurub çıxarırlar.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.