Son günlər Zəngilan rayonunun sərhəd kəndləri Ermənistan ərazisindən intensiv atəşə tutulur. Ölən və yaralananlar var. Bununla əlaqədar olaraq Ermənistan-Azərbaycan nümayəndə heyətlərinin Zəngilanın Kollu kəndində nəzərdə tutulan görüşünü keçirmək mümkün olmamışdır. Atəşin dayandırılması mexanizmini hazırlamaqdan ötrü keçirilən bu görüş bu gün oktyabrın 2-də saat 16-da Qubadlı rayonunun Çardaxlı kəndində başlanmışdı. Azərbaycan nümayəndə heyətinə başçılıq edən Azərbaycan Respublikasının Ali Sovetinin Sədr müavini Afətdin Cəlilov bəyanat verərək bildirdi ki, sentyabrın 21-də Sədərəkdə aparılan danışıqlara, eləcə də Soçi sazişinə əsasən münaqişə zonalarında atəş dayandırılmalı idi. Lakin erməni tərəfinin təqsiri üzündən nümayəndə heyətlərinin növbəti görüşü ərəfəsində vəziyyət daha da gərginləşmişdir. Ermənistan rəhbərliyi yaranmış vəziyyəti təhlil etməli və müvafiq tədbirlər görməlidir.
Görüşün başlanmasından 20 dəqiqə keçməmiş Qubadlı şəhəri Ermənistan ərazisindən intensiv artilleriya atəşinə tutulmağa başladı. Azərbaycan nümayəndə heyətinin başçısı Afəddin Cəlilov danışıqları saxlayaraq erməni tərəfindən tələb etdi ki, Azərbaycan ərazisinin atəşə tutulmasına son qoyulsun. Lakin Qubadlı rayon mərkəzinin atəşə tutulması nəinki kəsilmədi, hətta daha intensiv xarakter aldı. Bundan sonra Azərbaycan nümayəndə heyətinin başçısı Afəddin Cəlilov erməni tərəfinin rəhbəri Ara Saakyana kəskin etirazını bildirmiş və yaranmış vəziyyətdə danışıqların davam etdirməsinin mümkün olmadığını qeyd etdi. Erməni nümayəndələrinin nəzərinə çatdrıldı ki, danışıqların pozulmasına yönəlmiş növbəti təxribat ermənistanın hakim dairələrində müzakirə olunmalı və nəticəsi Azərbaycan tərəfinə çatdırılmalıdır. Erməni tərəfinin təqsiri üzündən danışıqlar pozuldu və yarımçıq qaldı. Danışıqların pozulmasının bütün məsuliyyəti erməni tərəfinin üzərinə düşür.