Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Oktyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan tərəfi atəşin dayandırılması haqqında Soçidə imzalanmış sazişə heç bir əməl qoymur. Sərhəd bölgələrimizdə yerləşən yaşayış məntəqələrimizin atəşə tutulması davam edir. Oktyabrın 2-nə keçən gecə Qazax rayonunun Quşçu Ayrım, Məzəm kəndləri, Zəngilanın Ağkənd, Kollu, Qazançı kəndləri güclü atəşə məruz qalıb. Ötən gecə Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı mövqelərimiz Muncuqlu və Əsrik kəndləri, Gədəbəyin sərhəd məntəqələri, Qubadlı rayonunun sərhəd məntəqələri və rayon mərkəzinin özü toplardan güclü atəşə tutulub. Bu gün isə Zəngilan rayonunun Yeməzli, Ağbiz, Seyidlər kəndləri Ermənistan ərazisindən müntəzəm atəşə tutulur. Ermənilər bir neçə gün əvvəl Saralıx, Xəştat kəndindən götürdükləri iki girovu da öldürüblər. Bu gün saat 15-16 radələrində Qubadlı şəhəri burada iki respublikanın Ali Sovetinin nümayəndə heyətləri növbəti görüş keçirən zaman toplardan və “Qrad” qurğulardan atəşə tutulmuş, bununla da regiona sülhü bərpa etmək məqsədilə keçirilən bu görüş pozulmuşdur.  
Erməni tərəfi Qarabağda da xeyli azğınlaşıb. Ermənistan ekspedisiya korpusunun bölmələri bu bölgədə yaşayış məntəqələrini atəşə tutur, imkan tapdıqca mövqelərimizə həmlələr edirlər. Dünən ermənilər Cəbrayıl istiqamətində Sur postunu,  bu gün isə Ağdam şəhərini və rayonun Mərzili kəndini güclü atəşə tuturlar. Erməni birləşmələri Xocavənd rayonunun Əmiralılar kəndi istiqamətində hücum cəhdi etmişlər. Düşmən Araçodzor-Koçoqot istiqamətində həmlə etmək istəsə də heçnəyə nail olmur. Ağdərə istiqamətində yerləşən bölmələrimiz əks zərbələrlə düşməni əvvəlki mövqelərindən də vurub çıxarırlar.