Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığından aldığımız məlumata görə, erməni tərəfi atəşin dayandırılması barədə sazişə qəti surətdə əməl etmir, həm Azərbaycan dövlət sərhədi boyu, həm də Qarabağda mövqelərimizi və yaşayış məntəqələrimizi müntəzəm atəşə tutur. Dünən axşam saat 20-də Qazax rayonunun Quşçu Ayrım və Kazar kəndlərinə Ermənistanın Çorkənd istiqamətindən atəş açılıb. Kəndlərimizin yaxınlığında 2 top mərmisi partlayıb. Dağıntı olmayıb. Ötən gecə və bu gün Zəngilan rayonunun Kolluqışlaq, Ağkənd, Qazançı və Seyidlər məntəqələri Ermənistanın Mehri və Qafan rayonlarından top atəşinə məruz qalıb. Gündüz saat 3-4 radələrində Gədəbəy rayonunun Göyəli kəndi yaxınlığındakı gözətçi məntəqəsi Krasnoselsk tərəfdən atəşə tutulub. İtki olmayıb.
Qarabağda da vəziyyət gərgin olaraq qalır. Erməni ekspedisiya korpusunun hissələri dünən axşam və ötən gecə Xocavənd rayonunun Əmiranlar, Muğanlı və Kuropatkino kəndlərini güclü top atəşinə tutub. Oktyabrın 3-nə keçən gecə saat 3-4 arasında ermənilərin işğal etdiyi Qarakənd və Miruşen məntəqələrindən Ağdam rayonunun Mərzili, İsmayılbəyli və Bağbanlar kəndləri tank və PDM-lərdən atəşə tutulub. Bu gün ərzində isə Ağdam şəhəri top və “Qrad” qurğularından intensiv atəşə məruz qalıb. Dağıntılar var.