Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığının verdiyi məlumata görə, münaqişə bölgələrində atışmalar davam edir. Sülh danışıqları nəticəsində əldə edilən razılığa əhəmiyyət verməyən erməni tərəfi ordumuzun bölmələrinin mövqelərini müntəzəm atəşə tutmaqla silahlı qüvvələrimizi cavab tədbirləri görməyə təhrik edir. Bunu sərhədlərimizdə, Qarabağ ərazisində baş verən hadisələr bir daha təsdiq edir.
Ötən gecə Gədəbəy rayonunun Mutudərə kəndi Ermənistanın Krasnoselsk rayonu ərazisindən, Zəngilan rayonunun Yeməzli, Ağkənd, Ağbiz, Qazançı və Seyidlər kəndləri isə Qafan rayonu istiqamətindən müxtəlif növ silahlardan atəşə tutulub.
Düşmən Qarabağda da vəziyyəti gərgin saxlamağa çalışır. Xocavənd rayonunun nəzarətimiz altında olan kəndləri, Ağdam cəbhəsində bəzi mövqelərimiz atəşə məruz qalıb.
Ölkəmiz azğın düşmənə qarşı qanlı müharibə aparır. Cəbhə xəttindən qələbə müjdəli xəbərlərlə yanaşı, bizə qüssə gətirən məlumatlar da alırıq. Qubadlıdan aldığımız xəbərdə deyilir ki, doğma torpağın qorunmasında böyük igidlik göstərən batalyon komandiri Əliyar Əliyev dünən qəhrəmancasına həlak olub. Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin.