Ermənistan tərəfi Soçidə bağlanmış sazişin şərtlərini kobud surətdə pozmaqda davam edir. Dünən, oktyabrın 4-də düşmənin Laçın yolu vasitəsilə Qarabağa külli miqdarda döyüş texnikası və canlı qüvvə keçirmək cəhdi boşa çıxıb. Saat 10 ilə 11 arasında Azərbaycan Ordusunun hissələrinin kəşfiyyat qrupu Ermənistanın Artaşat rayonunun çağırışçılarının olduğu 80 avtobusdan ibarət karvanın qarşısını kəsməyə müvəffəq olub. Artaşat rayonunun hərbi komissarı podpolkovnik Xandzanyanın başçılığı ilə hərəkət edən bu karvan Laçın ərazisinə daxil olarkən, düşmən diqqəti yayındırmaqdan ötrü Laçının azad edilmiş kəndlərini Ermənistanını Xnatsax, Vaqatur və Xoznavar kəndləri istiqamətindən güclü atəşə tutmuşdur. Ermənilərin bu hərəkəti kəşfiyyatçılarımızı çaşdırmamışdır. Onlar karvanın önündə gələn UAZ markalı maşını gülləbaran edərək Xandzanyanı öldürmüşlər. Kəşfiyyat qrupu sayca az olmasına baxmayaraq bu böyük karvanın Qarabağa keçməsinin qarşısını alıblar. Qorxuya düşən ermənilər karvanı geri çevirərək Ermənistana qaçıblar. Bu hadisə bir daha onu sübut edir ki, Ermənistan tərəfi artıq tükənməkdə olan qüvvələri bərpa etmək və hərbi təşəbbüsü öz əlinə almağa çalışırlar. Bununla yanaşı, düşmən yaşayış məntəqələrimizi və mövqelərimizi atəşə tutmaqda davam edirlər.